“Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

SİA-nın verdiyi məlumata görə, Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, 15 dekabr 2017-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyəti ilə birgə “Vətənin müdafiəsinə hazıram!” adlı tədbir keçirilib. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, ictimaiyyət nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.

Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfov ordumuzun hərbi qüdrətinin yüksək səviyyədə olduğunu qeyd edib.

Daha sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi polkovnik Rasim Şirinov gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində həyata keçirilən tədbirləri qeyd edərək bildirib ki, Xidmət öz fəaliyyətində bu mövzuya xüsusi diqqət yetirir.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli və digər çıxış edənlər gənclərin milli ruhda tərbiyə edilməsi üçün belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğuladılar.

Mərasimdə şəhid ailəsinin nümayəndəsi, Qarabağ Müharibəsi veteranı, çağırışaqədərki hazırlıq rəhbəri, çağırışaqədərki hazırlıq fənni üzrə yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Qəbələ rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə