Gənc Alimlərinin I Qurultayı işə başlayıb TƏDBİR SƏS TV

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Alimlərinin I Qurultayı işə başlayıb. SİA-nın verdiyi məlumata görə, əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qurultayın açılış mərasimindən əvvəl Azərbaycan gənc alimlərinin son illər əldə etdiyi nailiyyətlərdən ibarət sərgiyə baxış olub. Sərgini ziyarət edənlərə AMEA-nın institut və təşkilatları, regional elmi bölmə və mərkəzləri üçün ayrılmış guşələrdə gənc alimlərin tədqiqatları, həyata keçirdikləri innovativ layihələr və əldə etdikləri elmi nəticələr barədə ətraflı məlumat verilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan qurultayın əhəmiyyətindən danışıb. O, Dövlət Proqramının gənclər siyasətini daha səmərəli həyata keçirmək, cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialını üzə çıxarmaq, gənc nəslin sağlamlığını qorumaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək kimi hədəflər müəyyənləşdirdiyini diqqətə çatdırıb.

Akademik Akif Əlizadə müasir Azərbaycan elminin qarşısında duran vəzifələr, elmin müxtəlif sahələrinin inkişafına gənclərin verdiyi töhfələr və innovativ fəaliyyət sahələrində əldə olunan nailiyyətlərdən bəhs edib. Müasir dövr və onun sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyən AMEA-nın prezidenti bildirib ki, akademiyada gənclərin intellektual potensialının inkişafı, daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunması, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması istiqamətində görülən işlər əvəzsizdir.

Gənclər və idman naziri Azad Rəhimov deyib ki, Gənclər və İdman Nazirliyi yeniyetmə və gənclərin elmə maraqlarının artırılması istiqamətində bir sıra layihələr reallaşdırır: “Belə ki, “İstedadların hazırlığı laboratoriyası” layihəsi artıq 5 ildir həyata keçirilir. Layihə riyazi düşüncəyə malik məktəblilərin üzə çıxarılmasında mühüm rol oynayır. Beş il ərzində 8 min yeniyetmə fizika, riyaziyyat və kimya üzrə olimpiadada iştirak edib. Qaliblər artıq beynəlxalq fənn olimpiadalarında da uğurla iştirak edirlər”.

Nazir rəhbərlik etdiyi qurum tərəfindən ilk dəfə keçirilən milli “İdeya var!” müsabiqəsi haqda da məlumat verib, bu cür layihələrin kadrların yetişdirilməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.

Nazir gənc tədqiqatçı və alimlərin müəllifi olduqları əsərlərin çap edilməsinin, eləcə də beynəlxalq miqyaslı tədbirlərə qatılmaq üçün gənc alimlərə maliyyə dəstəyinin göstərilməsinin Gənclər və İdman Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələlərdən biri olduğunu bildirib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov isə diqqətə çatdırıb ki, hazırda Təhsil Nazirliyi tərəfindən doktorantura təhsilinin təkmilləşdirilməsi, Avropa təhsil məkanının tələblərinə uyğun strukturlaşdırılması istiqamətində işlər davam etdirilir: “Bununla əlaqədar Avropa Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası və bir sıra təhsil müəssisələrinin iştirakı ilə müqavilə layihəsi reallaşdırılıb. layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəsinin aparılması, ölkəmizdə doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud təsnifata uyğunlaşdırılmasından ibarətdir. Müqavilə səviyyəsində doktorantura səviyyəsində keyfiyyətin təminatı, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi və ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən vahid portalın yaradılması nəzərdə tutulub. Tədqiqat universitetlərinin mövcudluğu, ali məktəblərə bu statusun verilməsi vacibdir. Bu barədə layihə hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib”.

Nazir müavini bildirib ki, son illər qəbul imtahanlarında 500 bal toplayanların sayı 28, 600 bal toplayanların sayı 43 faiz artıb. Son qəbul imtahanında 700 bal toplayanların sayında da 50 faiz artım müşahidə edilib.

Tədbir digər çıxışlarla davam etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə