Putin 54 jurnalistin 73 sualını cavablandırıb

Rusiya Prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransı 3 saat 40 dəqiqə davam edib. Mətbuat konfransında dövlət başçısı 54 jurnalistin 73 sualını cavablandırıb. Prezidentə Rusiya jurnalistləri ilə yanaşı, 10 xarici KİV-in nümayəndəsi də suallar ünvanlayıblar.

Xatırladaq ki, mətbuat konfransında iştirak etmək üçün 1640 yerli və xarici jurnalist akkreditasiyadan keçmişdi.

Rusiya lideri, əsasən, iqtisadi və sosial məsələlərə toxunub. Konfransda beynəlxalq məsələlərə də diqqət ayrılıb. İraq Kürdüstanı ilə bağlı suala cavab verən V.Putin İraqın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Rusiya Prezidenti Əfqanıstanda, xüsusilə də keçmiş sovet respublikaları ilə sərhəddə terrorçu qruplaşmaların fəallaşmasından narahatlıq ifadə edib və Moskvanın narkotrafiklə mübarizədə beynəlxalq birliklə əməkdaşlığa hazır olduğunu bildirib.

Suriya münaqişəsinin həllindən danışan V.Putin qaçqınlar məsələsinə də toxunub və deyib ki, Suriya bu problemlə təkbaşına mübarizə apara bilməz. Suriya qaçqınlarının əsasən Türkiyədə məskunlaşdığını və ən böyük qaçqın düşərgələrinin Türkiyədə yerləşdiyini deyən V.Putin vurğulayıb ki, dünya birliyi bu məsələni birgə səylərlə həll etməsə, emiqrasiya bütün dünyanın probleminə çevriləcək.

Vladimir Putinə, həmçinin prezident seçkiləri, ABŞ-Rusiya münasibətləri, Ukrayna problemi və digər mövzularda suallar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə