Deputat: “ABŞ prezidenti öz qərarını dəyişməlidir”

“Dekabrın 12-də Türkiyə prezdenti Rəcəb Tayyip Ərdoğanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı Zirvə toplantısı keçirildi. Toplantıda 16 ölkənin dövlət rəhbərləri iştirak etdi. Qüdsün İsrailin paytaxtı elan olunması və ABŞ səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı ABŞ prezdenti Donald Trampın açıqlanmasına münasibət bildirilib. Toplantıda iştirak edənlər yekdilliklə qərara gəliblər ki, Donald Trampın fikri Fələstin İsrail müharibəsini qızışdırmaqla bütün dünyada gərginlik yaradacaq”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, toplantıda dövlət başçısı cənab İlham Əliyev Trampın qərarına yenidən baxılmasına çağırış etdi: “Həm də toplantıda Qüdsün Fələstinin paytaxtı elan olunması ilə bağlı fikirlər səsləndirmişdir. Ümumi bir nəticə olaraq qeyd etmək istəyirəm ki, Donald Trampın qərarı dünya ölkələri tərəfindən etirazla qarşılanıb. Düşünürəm ki, ABŞ prezidenti öz qərarını dəyişməli, uzun illər gərginlik içində yaşayan İsrail-Fələstin münasibətlərini müharibə ocağına çevirməməli, öz böyüklüyünü göstərərək beynəlxalq hüquq və razılaşmalarına əsasən bölgədə sülh yaranmasına xidmət etməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə