YAP Səbail rayon təşkilatının İdarə Heyətinin iclası keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının idarə heyətinin iclası keçirilib. SİA-nın xəbərinə görə, ilk çıxış edən YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib.

Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi ilə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr haqqında danışan Ş.Hacıyev söyləyib ki, təşkilat YAP-ın yaranmasının 25 illik yubileyi ilə bağlı hazırladığı tədbirlər planının tam şəkildə həyata keçirib.

Partiyanın yaranma tarixindən söz açan təşkilat sədri bildirib ki, YAP ölkəmizin ən çətin dövrlərində yaranıb: “YAP cəmiyyətin tələbatı əsasında yaradılıb. Belə ki, həmin dövrdə Azərbaycanda taleyüklü məsələlər həll olunur, ölkədə gərginlik hökm sürürdü. Torpaqlarımız işğal olunur, hərc-mərclik baş alıb gedirdi. Bunu görən ölkə ziyalıları Ulu Öndər Heydər Əliyevə müraciət edərək ölkəni ağır vəziyyətdən yalnız Onun çıxara biləcəyini bildirdilər. Ümummilli Liderin bu istiqamətdə atılan ilk addımı Yeni Azərbaycan Partiyasının yaradılması oldu. Həmin dövrdən etibarən fəaliyyət göstərən partiya Azərbaycan tarixində mühüm əhəmiyyətə malikdir”.

Ölkəmizin hazırki uğurlarından söz açan Ş.Hacıyev təşkilatın qarşıda duracağı vəzifələrdən də bəhs edib. O bildirib ki, təşkilat YAP-ın 25 illik yubileyi ilə bağlı keçirdiyi mötəbər tədbirlər əsasında 2018-ci ilin fevral ayına qədər kitab çap etdirməyi nəzərdə tutur.

Daha sonra təşkilat sədri bu günlərdə ağacəkmə kampaniyalarının keçiriləcəyini qeyd edib.

İclasın davamında ərazi ilk partiya təşkilatlarında görülən işlərin hesabatı səslənib, yeni təsis olunmuş ərazi ilk partiya təşkilatlarından daxil olan müraciətlərə baxılıb, daha sonra isə cari məsələlər müzakirə edilib.

İclasın sonunda Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan şəxslərə YAP Səbail rayon təşkilatının fəxri fərmanları təqdim edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...