Vitse-spiker: "Biz beynəlxalq qurumlardan məhz belə addımlar gözləyirik"

"Təəssüf ki, ərazi bütövlüyü ilə bağlı mövqeyin vacibliyi indi dərk olunmaqdadır. Əlbəttə, getdikcə bunu da vacib edən şərt, dünyanın müxtəlif ölkələrində və regionlarında ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı cəhdlərin artması səbəb olub". SİA-nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Avropa Parlamentinin "Avropa İttifaqının xarici siyasət və təhlükəsizliklə bağlı qətnaməsi"ni şərh edərkən deyib.

B.Muradova bildirib ki, Avropa İttifaqı, Avropanın digər qurumları bu məsələ ilə bağlı beynəlxalq hüquq prinsiplərinə söykənən açıqlamalar verməklə yanaşı, bu gün artıq rəsmi bəyanatlar verməyi də lazım bilirlər.

Vitse-spiker bildirib ki, hər halda dünyada baş verən hadisələrin fonunda belə bir mövqe gözlənilən idi: “Azərbaycan uzun illər bu məsələnin dünya gündəminin bir nömrəli məsələsi olması üçün lazım olan hər şeyi etmişdi, amma çox təəssüf ki, bu təhlükə Avropanın özünə yaxınlaşdıqda bu məsələyə münasibət bildirməli olur. Amma yenə də hesab edirəm ki, münaqişə ocaqlarının söndürülməsi, buna rəvac verən hərəkətlərin qarşısınının alınması istiqamətində bu cür bəyanatlar çox vacibdir, amma bu, yalnız bəyanatları elan etməkdən ibarət olmalı deyil. Elə təkcə Qarabağ məsələsi ilə əlaqədar nəinki bəyanatlar, beynəlxalq hüququn prinsiplərini özündə əks etdirən həm BMT-nin, həm də digər təşkilatların müvafiq qərar və qətnamələri var. Lakin bu qərar və qətnamələrin yerinə yetirilməsi istiqamətində problemlər var. Ona görə də bu bəyanatın səslənməsi çox yaxşıdır, amma bundan irəli gələn və bu bəyanatı əməllərlə möhkəmləndirən hərəkətlər də vacibdir. Biz Avropa İttifaqından və digər beynəlxalq qurumlardan məhz belə addımlar gözləyirik”.

Qeyd edək ki, Avropa Parlamenti "Avropa İttifaqının xarici siyasət və təhlükəsizliklə bağlı qətnamə" qəbul edib. Bu, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələrinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü dəstəkləməyə dair öhdəliklərinə sadiq olduğunu ilk dəfə təsdiqləyir. Bu sənəd Azərbaycan, Gürcüstan, Moldova və Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipial əhəmiyyətə malikdir.

Bütün xəbərlər Facebook səhifəmizdə