Bakının namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib FOTO

Bu gün Heydər Əliyev Mərkəzində Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün təqdimat keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Beynəlxalq Sərgilər Bürosunda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov və “Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster çıxış ediblər.

Tədbirdə Azərbaycanın “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürməsi istiqamətində görülən işlər və atılacaq addımlar barədə məlumat verilib.

Bildirilib ki, may ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakının 2025-ci il Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün namizədliyinin irəli sürülməsi barədə məktubu Beynəlxalq Sərgilər Bürosuna (BSB) təqdim edilib.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizəd şəhər olması münasibəti ilə noyabrın 14-də Parisdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə təşkil olunan qəbul barədə danışaraq Azərbaycan hökuməti tərəfindən layihəyə yüksək siyasi dəstəyin göstərildiyini diqqətə çatdırıb. A.Ələkbərov ölkəmizin Ümumdünya Ekspo sərgisini 2025-ci ildə Bakıya gətirməyə iddialı olduğunu qeyd edib.

Azərbaycanın beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki uğur və təcrübəsindən danışan A.Ələkbərov ölkəmizin bu günədək Dünya dini liderlərinin sammiti, Bakı Beynəlxalq Humanitar Forumları, Sivilizasiyalar Alyansı: 7-ci Bakı Qlobal Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları, “Bakı 2015” birinci Avropa oyunları və digər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib. Azərbaycanın istər siyasi, istərsə də iqtisadi müstəvidə dünya ölkələrinin etibarlı tərəfdaşına çevrildiyini qeyd edib.

Azərbaycanın Beynəlxalq Sərgilər Bürosunun tamhüquqlu üzvü oldugunu deyən A.Ələkbərov ölkəmizin 2000-ci ildən Ekspo sərgilərində iştirak etdiyini deyib. 2015-ci ildə Milan şəhərində keçirilən Ekspo sərgisində Azərbaycanın milli pavilyonunun dizayn və məzmun baxımından böyük uğurla ziyarət edildiyini, “Azərbaycan: Biomüxtəlifliyin xəzinəsi” adlanan pavilyonun mükafatla təltif olunduğunu bildirib. “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisindəki Azərbaycan pavilyonunun eksteryer və interyer bağçası nominasiyasında 1-ci yerə, Astanada keçirilən “Ekspo 2017 - Gələcəyin enerjisi” Beynəlxalq sərgisində “Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji” devizinə əsaslanan Azərbaycan pavilyonunun da “Sərgi dizaynı” nominasiyasında mükafata layiq görüldüyü qeyd edilib. Anar Ələkbərov Azərbaycanın Milan, Antalya və Astanada təşkil olunan ümumdünya sərgilərində yüksək səviyyədə iştirakına dövlətimiz tərəfindən göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. Hazırda isə “Ekspo 2020 Dubay” Ümumdünya sərgisində Azərbaycan pavilyonunun qurulması üzrə hazırlıqların getdiyi qeyd olunub.

Azərbaycanın siyasi cəhətdən stabil və daim inkişafda olan olkə olduğunu bir daha vurğulayan A.Ələkbərov ölkəmizdə 2019-cu ildə Avropa Gənclər Festivalı, 2020-ci ildə Karate uzrə Avropa çempionatı və “Avro 2020” futbol yarışlarının qrup oyunlarının keçiriləcəyini deyib. O, ölkəmizin avtomobil yarışlarına da uğurla ev sahibliyi etdiyini deyərək, Azərbaycan Avtomobil Federasiyasının yaxından iştirakı ilə Bakıda 2016-cı ildən “Formula 1” yarışlarının təşkil olunduğunu və bu layihənin paytaxtımızda qarşıdakı illərdə də davam edəcəyini diqqətə çatdırıb. A.Ələkbərov “Ekspo 2025 Bakı” layihəsinin dövlətlə yanaşı, geniş ictimaiyyət tərəfindən də dəstəkləndiyini qeyd edib.

A.Ələkbərov vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Bakının “Ekspo 2025” Ümumdünya sərgisinə dair namizədlik dosyesində bildirdiyi kimi əsrlər boyu Azərbaycan mədəniyyətlərin və sivilizasiyaların kəsişmə nöqtəsi olub, Azərbaycan unikal geostrateji mövqeyi sayəsində Şərq və Qərb, Şimal və Cənub arasında siyasi, ticari və mədəni körpü olub. Beynəlxalq mədəniyyətlərarası dialoq mərkəzinə çevrilən Azərbaycanın turizm potensialı haqqında danışaraq qeyd edib ki, ölkədə əlverişli turizm infrastrukturu, o cümlədən 500-dən artıq otel mövcuddur. A.Ələkbərov bildirib ki, Azərbaycanın zəngin və qədim mədəniyyəti və unikal arxitekturası ölkəni turistlər üçün cəlbedici məkana çevirir.

Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri E.Əmirbəyov çıxışında “Ekspo 2025 Bakı” layihəsi çərçivəsində bu günədək görülən işlər və 2018-ci ilin noyabr ayında keçiriləcək “Ekspo 2025” Ümumdünya sərgisinin ev sahibini müəyyən edəcək seçkilərə qədər atılacaq addımlar barədə məlumat verib. O bildirib ki, 2017-ci ilin sentyabr ayının sonlarında Bakının “Ekspo 2025” Ümumdünya sərgisinə dair namizədlik dosyesi BSB-yə təqdim edilib, növbəti on bir ay ərzində isə BSB Azərbaycan tərəfindən sərginin keçirilməsi üçün irəli sürülən mövzu və “Ekspo 2025” Ümumdünya Sərgisinin təşkili üçün hazırlanan layihə sənədi ilə yaxından tanış olacaq.

Elçin Əmirbəyov “Ekspo 2025” Ümumdünya Sərgisinə Bakının namizəd şəhər olması münasibəti ilə noyabrın 14-də Parisdə təşkil olunan qəbulda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı və çıxışını dövlətimizin bu beynəlxalq tədbirə ev sahibliyinə verdiyi böyük əhəmiyyətin təzahürü kimi qiymətləndirib. Noyabrın 15-də isə Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 162-ci sessiyasında Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya sərgisinə ev sahibliyi etmək üçün təqdimat keçirildiyini bildirib.

“Ekspo 2025” sərgisi üçün Azərbaycanıın təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun bəşəriyyət üçün aktual olmasından danışan E.Əmirbəyov mövzunun Azərbaycan üçün vacib və beynəlxalq inkişaf gündəliyinə, xüsusilə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olduğunu vurğulayıb. Onun sözlərində görə, “Ekspo 2025 Bakı” sərgisi beynəlxalq inkişaf gündəliyində duran qlobal məsələlərinin müzakirəsi və bəşəriyyətin xeyrinə çıxış yollarının tapılması baxımından universal platforma rolunu oynayacaq.

E.Əmirbəyov BSB tərəfindən Ümumdunya sərgisinin bu günədək Şərqi Avropa, Qafqaz və Xəzər hövzəsi regionunda keçirilmədiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, “Ekspo 2025” sərgisinin Bakıda təşkili ilə bu beynəlxalq tədbirin keçirildiyi ənənəvi çoğrafiya genişlənə bilər. Nümayəndə heyətinin rəhbəri sərginin Azərbaycanda yerli biznes imkanlarının artması ilə yanaşı, dünyanın aparıcı biznes şirkətlərinin də bir araya gəlməsində, yeni sərmayələrin qoyulması və biznes əlaqələrinin qurulmasında müstəsna rol oynayacağını bildirib. Onun sözlərinə görə, “Ekspo 2025” Ümumdünya sərgisi son illər turistlərin böyük maraq göstərdiyi Azərbaycana daha çox qonağın gəlməsinə də müsbət təsir göstərəcək.

“Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster layihənin əsas texniki parametrləri, eyni zamanda BSB-nin qiymətləndirmə missiyasının 2018-ci ilin mart ayında Bakıya səfərinə hazırlıq işlərinin aparılması barədə məlumat verib. P.Foster bildirib ki, “Ekspo 2025 Bakı” sərgisi üçün nəzərdə tutulan ərazi Bakı şəhərinin şərq hissəsində yerləşir. Paytaxtın davamı hesab edilə biləcək bu məkanın 200 hektar ərazisi var. Ərazinin Azərbaycan Respublikasının Dövlət gerbi olan səkkizbucaqlı ulduz şəklində görünəcəyi diqqətə çatdırılıb.

P.Fosterin sözlərinə görə, qədim tarixə, mədəniyyətə, özünəməxsus qonaqpərvərliyə malik Azərbaycanın ilk dəfə olaraq Ümumdünya Sərgisinə ev sahibliyi etməsi uğrunda mübarizəyə qoşulması ölkənin özünə inamı, bacarıq imkanları, siyasi və iqtisadi müstəvidə inkişafından xəbər verir. Bakı Azərbaycana təşrif buyuran hər bir turist üçün maraqlı, tarixi, gəzib-görməli yer olmaqla yanaşı, eyni zamanda özlərini təhlükəsiz hiss edəcəkləri ən etibarlı şəhərdir. P.Foster noyabrın 14-dən etibarən www.bakuexpo2025.com saytının fəaliyyətə başladığını bildirib. Saytda sərginin həyata keçirilməsi istiqamətində əsas məqamlar öz əksini tapıb.

Tədbirdə Azərbaycanın mədəniyyəti, tarixi, adət və ənənələri, dini tolerantlığı, eyni zamanda ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər və Azərbaycanın təklif etdiyi Ekspo mövzusu ilə bağlı video çarxlar nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə