“Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şabran Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Dini maarifçilik işinin təşkili: təcrübə və yeni yanaşma” adlı konfranş baş tutub. SİA-nın verdiyi məlumata görə, Şabran şəhəri Heydər Əliyev Mərkəzində baş tutan konfransda rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllimlər, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mehdi Balabəyov dini sahədə maarifləndirmə işinin təhsil müəssisələrində düzgün səviyyədə təşkil olunmasının önəminə toxunub. Yeniyetmə və gənclərin böyük əksəriyyətinin məhz məktəb yaşı dövründə aldığı biliklər hesabına formalaşdığını diqqətə çatdırıb. Mehdi Balabəyov bu səbəblərdən bu yaş kateqoriyasına daxil olanlar arasında milli-mənəvi dəyərlərin təbliği və ənənəvi İslam dininin düzgün çatdırılması sahəsində həyata keçirilən maarifləndirmə işinin əhəmiyyətindən bəhs edib.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov konfransda elektron təqdimatla çıxış edərək dünyada mövcud olan dinləri inkişaf tempinə görə müqayisə edib. O, dini zəmində baş verən münaqişələrin həlli yolunun dini həmrəylikdən keçdiyini bildirib. Bu məqsədlə də ölkəmizin hazırda dinlərarası dialoqun inkişafında mühüm addımlar atdığını diqqətə çatdırıb.

Konfransda Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında dinə yanaşmanın müxtəlif formaları barədə danışıb. O, cəmiyyətdə parçalanma yaratmaq istəyən qüvvələrin apardıqları təbliğatların əsas mahiyyətini geniş şəkildə izah edib. İnsanların inancına hörmət hissinin qorunmasının və təbliğ olunmasının vacib olduğunu dilə gətirib. Yeniyetmə və gənclər arasında dini maarifləndirmə prosesində bu yanaşmaya xüsusi diqqət yetirməli olduğumuzu bildirib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB