Qüds barədə müsəlman liderlər nə deyir? TƏDBİR

Bu gün İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib. SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edib.

“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

Zirvə toplantısında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbası, digər dövlət və hökumət başçılarını salamladı.

İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəldiklərini diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampın dekabrın 6-da beynəlxalq hüquqa məhəl qoymayaraq Qüdsü İsrailin paytaxtı kimi tanıdığını bildirdi. Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qərara əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz. Türkiyə Prezidenti qeyd etdi ki, Fələstin məsələsi ədalətli şəkildə həll olunmadan beynəlxalq və qlobal sülhdən söhbət gedə bilməz. Əks təqdirdə beynəlxalq hüquqa və BMT-yə etimad sarsılar. “Qüds bizim üçün qırmızı xətdir və “Hərami-Şərif” əbədiyyətə qədər müsəlmanların olacaq”, - deyən Rəcəb Tayyib Ərdoğan Sammit iştirakçılarını Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa dəvət etdi və müstəqil Fələstin Dövləti ideyasından heç vaxt vaz keçməyəcəklərini bildirdi.

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas bütün dünya ölkələrinin Donald Trampın qərarına qarşı olduğunu və göstərilən həmrəyliyin bu niyyətin həyata keçməyəcəyinə əminlik yaratdığını vurğuladı. “Bütün ümmət birləşərək Qüdsün işğalına qarşı mübarizə aparmalı, bu şəhərin xarakterinin dəyişdirilməsinə icazə verməməlidir”, - deyən Mahmud Abbas ABŞ Prezidentinin bu addımının beynəlxalq müqavilələri və BMT Təhlükəsizlik Şurasının qərarlarını açıq təhdid etdiyini və bununla da Birləşmiş Ştatların sülh prosesində vasitəçilik missiyasını itirdiyini diqqətə çatdırdı. “Qüds əvvəllər də olduğu kimi, Fələstin Dövlətinin paytaxtı olacaq, əks təqdirdə sabitlikdən və sülhdən söhbət gedə bilməz”, - deyən Mahmud Abbas vurğuladı ki, Fələstin Dövlətinin tanınması prosesi sürətləndirilməlidir.

İordaniya Kralı II Abdullah qeyd etdi ki, müsəlmanların qəlbində xüsusi yeri olan Qüdslə bağlı ABŞ-ın qərarı olduqca təhlükəlidir. Bu qərar bölgədə sülhü və sabitliyi təhdid edir. Qüdsün hər üç dinin bir araya gəldiyi tarixi şəhər olduğunu deyən Kral Abdullah bu tarixi dəyişdirməyə çalışan hər kəsə qarşı çıxacaqlarını bildirdi və qeyd etdi ki, bir neçə gün öncə Ərəb Liqasının İordaniyada keçirilən Zirvə görüşündə də vəziyyətin nə qədər təhlükəli olduğu bəyan edilib. “Biz bütün məsələləri bir kənara qoyub Qüdsü müdafiə etməliyik”, - deyən İordaniya Kralı əminliklə bildirdi ki, müsəlmanların Qüdsdə olan haqları əbədidir.

Sonra İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin çıxış etdi. O, əsas məqsədi bütün müsəlman ümmətinin hüquqlarının qorunması olan bu toplantının əhəmiyyətindən danışdı, ABŞ Prezidentinin Qüdslə bağlı verdiyi qərarın bütün beynəlxalq normalara zidd olduğunu bildirdi. “Bu qərar ABŞ-ın sülh prosesində iştirakını heçə endirir”,- deyən Yusif Əl-Osaymin vurğuladı ki, təşkilata üzv ölkələr ABŞ-ın təktərəfli qəbul etdiyi bu qərara qarşı çıxmalı, Qüdsün xarakteri və ədalətin arxasınca gedən Fələstin xalqının hüquqları qorunmalıdır.

İran Prezidenti Həsən Ruhani bildirdi ki, Qüds müsəlmanların ilk qibləsi və üçüncü müqəddəs şəhəridir. ABŞ administrasiyasının bu yanlış qərarına müsəlman aləminin dərhal reaksiya verməsinin əhəmiyyətli olduğunu deyən Həsən Ruhani Birləşmiş Ştatların bu qərarının arxasında təhlükəli meyillərin dayandığını diqqətə çatdırdı. İran dövlətinin başçısı BMT qərarlarının da bu cür məsələlər qarşısında aciz qaldığını vurğuladı, bu toplantının ABŞ-a qarşı güclü qınama qərarı qəbul edəcəyinə əminliyini ifadə etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə