Esmira Cavadovanın yaradıcılığından danışılıb TƏDBİR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Həsən bəy Zərdabi irsinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın 75 illik yubileyinə həsr olunmuş toplantı keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, qəzetlərin baş redaktorları və digər KİV nümayəndələri iştirak edib.

Toplantıda yubilyarın həyat və yaradıcılığından söz açılıb, onun elmi fəaliyyətinin spesifik məqamlarına nəzər salınıb.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib ki, Esmira Yusuf qızı Cavadova 29 dekabr 1942-ci ildə Şəkidə anadan olub: “1960-1965-cı illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU-nun) təhsil alıb. "Həsən bəy Zərdabinin əsərlərində Azərbaycan xalqının məişət və mədəniyyəti” (1842-1907) mövzusunda namizədlik dissertasiyası işləyib, tarix elmləri namizədi elmi dərəcəsi alıb. Bu tədqiqat H.B.Zərdabinin yaradıcılığına həsr olunan etnoqrafik səpgidə yazılan ilk tədqiqat işi olub. Tədqiqat işi "Sətirlərdə döyünən ürək” adı ilə çapa gedib”.

"Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva diqqətə çatdırıb ki, tarix üzrə fəlsəfə doktoru, Ali Media Mükafatçısı Esmira Cavadova uzun illərdir ki, H.Zərdabi irsinin tədqiqi ilə məşğuldur: “Onun 2012-ci ildə işıq üzü görmüş "Həsən bəy Zərdabinin etnoqrafik görüşləri” kitabı Həsən bəyin fəaliyyətinin araşdırmadan kənarda qalmış bir sahəsini əhatə edir. Esmira xanım 2015-ci ildə H.Zərdabinin Bakı şəhər dumasındakı fəaliyyətini (1897-1907) işıqlandıran iri həcmli maraqlı bir kitab çap etdirib. Burada milli mətbuatımızın banisinin iştirak etdiyi Bakı şəhər duması iclaslarının stenoqrafik hesabatları, Həsən bəyin çıxışlarının mətnləri verilir, bir daha onun ömrünün son günlərinə qədər xalqının mənafeyi uğrunda əlindən gələni əsirgəməyən bir ziyalı olduğu sübut edilir. E.Cavadovanın tərtib etdiyi son kitab "Həsən bəy Zərdabi (Məlikov). Elmi-köməkçi biblioqrafik göstərici” adlanır. Burada böyük mütəfəkkirin həyat və fəaliyyəti ilə bağlı nəşr olunan bütün materiallar-əsərləri, məqalələri, dəyərli fikirləri, habelə onun barəsində yazılan kitablar, məqalələr, dissertasiyalar, şeirlər barədə məlumat verilib”.

Daha sonra digər çıxış edənlər də Esmira Cavadovanın yaradıcılığı ilə bağlı dəyərli fikirlərini səsləndiriblər.

Tədbirin sonunda səbəbkara diplom və mükafatlar təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə