Ərdoğan: "Qüdslə bağlı təkbaşına qərar qəbul edə bilməzsiniz"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Qüdslə bağlı keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında çıxış edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə Prezidenti ABŞ-ın dövlət başçısı Trampın qərarının heç bir hökmünün olmadığını dilə gətirib: "İsrail işğalçı, eyni zamanda terroçu dövlətdir. ABŞ-ın heç bir hüquqa əsaslanmayan qərarına da yalnız İsrail dəstək olub. ABŞ-ın Qüdslə bağlı qərarını qəbul etməyən bütün ölkələrə təşəkkürümüzü bildiririk. Hörmətli Papa daxil olmaqla, indiyədək etdiyim bütün görüşlərdə Qüds ilə bağlı qərarlı mövqe ortaya qoyulub".

Ərdoğan söyləyib ki, bu qərarla İsrail indiyədək etdiyi bütün terror aktlarına görə sanki təltif olunub: "Lakin bu mükafatı verən Trampdır. 1947-ci ildə İsrail nə idisə, çox təəssüf ki, indi də Fələstini eyni vəziyyətə salır. Belə bir addımı qurd-quzu mübarizəsində qurd belə atmaz. Sülhü istəyənlərin deyil, sülhü qeyri-mümkün hala gətirənlərin yanında duran Amerika Birləşmiş Ştatları terrorizmlə sıx mübarizənin aparıldığı belə bir dövrdə bütün fanatiklərin dəyirmanına su töküb".

Onun sözlərinə görə, Qüds qərarı ilə ABŞ və İsrail insanlığa yönələn təhdidlərə qapı açmış oldular: "Bölgəmizdə baş verən problemlər və yaşananlar Fələstin məsələsini bizə unutdura bilməz. "Mən etdim" deməklə dünyada heç nəyə nail olmaq mümkün deyil. Siz təkbaşına belə bir qərara qəbul edə bilməzsiniz. Çünki dünya tək sizlərdən ibarət deyil. Mən 196 dünya ölkəsinin məsələ ilə bağlı mövqe ortaya qoyacağına inanıram".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə