Qüdslə bağlı Fövqəladə Sammit başladı

İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Lütfi Kırdar Beynəlxalq Konqres və Sərgi Sarayında təşkil edilən zirvə toplantısı çərçivəsində ilk olaraq Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib.

Yığıncaqda açılış nitqi ilə Türkiyənin XİN başçısı Mövlüd Çavuşoğlu çıxış edib.

Zirvə toplantısı başlanmazdan öncə xatirə şəkli çəkdirilib.

İştirakçıların salona keçməsindən öncə isə Quranı-ı Kərim oxunub.

Zirvə toplantısında 48 islam ölkəsi - Əfqanıstan, Azərbaycan, Banqladeş, İndoneziya, Fələstin, Qana, İran, Qətər, Küveyt, Liviya, Livan, Somalli, Sudan, Toqo, İordaniya və Yəməndən dövlət başçıları, digər ölkələr isə baş nazir, nazir və nazir müavinləri səviyyəsində təmsil olunurlar.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə