"Qüdsə bağlı toplantı Trampın təklifinin geri götürməsinə gətirib çıxara bilər" ŞƏRH

"İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) xarici işlər nazirlərinin Qüdsə bağlı keçirilən toplantısı çox əhəmiyyətlidir. Çünki, ABŞ prezidentiin Qüdslə bağlı atdığı addım islam ölkələri tərəfindən səssiz qarşılana bilməzdi. Əks halda bu, islam aləminə başı aşağılıq gətirə bilərdi”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynzadə deyib.

Türkiyə prezidentinin təşəbbüsü ilə həyata keçirilən iclasda 40-dan çox ölkənin iştirak etdiyini deyən politoloq bildirib ki, böyük dövlətlərin bu prosesdə iştirak etməsi çox mühümdür: “ Bildiyiniz kimi toplantıda Qüds məsələsində ABŞ prezidenti Trampın mövqeyi pislənməklə yanaşı, onun təşəbbüsünə yönələn yeni təşəbbüs də irəli sürülüb. Yeni təşəbbüsə əsasən İƏT-ə daxil olan ölkələr Fələstinin paytaxtını Şərqi Qüds kimi tanınması məsələsi gündəmə gətiriləcək”.

Q.Hüseynli qeyd edib ki, zirvə toplantısında İsrailin Trampın təklifinə dair tutduğu qeyri-konstruktiv mövqeyə alternativ cavab da veriləcək: “Zənnimcə toplantıda qəbul ediləcək qəraralar kifayət qədər rezonans doğuracaq. Bundan sonra həm ABŞ, həm də İsrail kompromislər axtarmaq məcburiyyətində qalacaq. Bu, hətta Trampın təklifinin geri götürməsinə də gətirib çıxara bilər. Bir sözlə bu tədbirin keçirilməsi çox böyük əhəmiyyətə malikdir. Burada qəbul olunan qərarlar proseslərə müəyyən mürəkkəblik gətirməsinə baxmayaraq, Trampla və İsrailin mövqeyinə tarazlıq gətirmək üçün təzyiq vasitəsinə çevrilə bilər”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp dekabrın 5-də Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıdığını, Tel-Əvivdəki ABŞ səfirliyinin bu şəhərə köçürüləcəyini bəyan edib. Bu səbəbdən İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan təşkilatın fövqəladə Sammit keçirilməsini təklif edib.

Məlumat üçün nəzərinizə çatdıraq ki, hazırda İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı keçirilən fövqəladə toplantısında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iştirak edir. Azərbaycan prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı İstanbulda keçiriləcək fövqəladə Zirvə toplantısında iştirak etmək üçün dekabrın 12-də Türkiyəyə işgüzar səfərə gedib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə