Siyasi şərhçi: “Qüdsə yanaşmada heç bir tərəf narazı qalmamalıdır” AÇIQLAMA

“Əlbəttə ki, Qüds məsələsi bütün dünyanın diqqət mərkəzində olan bir məsələdir. Tarix boyu müsəlmanların, xristianların və yəhudilərin bir növ qarşı-qarşıya gəldiyi və hər üç dindən olan insanların iddia etdiyi mərkəzdir. Qüdsə yanaşmada heç bir tərəf narazı qalmamalıdır. Amma təəssüflər olsun ki, İsrail və Fələstin arasında on illərdir davam edən münaqişə elə bir şərait yaradıb ki, Qüds məsələsi həllini tapa bilmir”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, ABŞ prezidentinin Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıması və bunun ardından da dünya ölkələrinin buna etiraz etməsi əlbəttə ki, Azərbaycanın da konkret bir mövqedən çıxış etməsini zəruri edir: “Biz bir tərəfdən nəzərə almalıyıq ki, İsrail Azərbaycanın strateji tərəfdaşıdır və İsrail dövləti ilə bizim münasibətlərimiz yüksək səviyyədədir. Eyni zamanda İsrail dövləti bütövlükdə dünya yəhudilərinin Azərbaycana verdikləri dəstək əlbəttə ki, unudulmamalıdır. Digər tərəfdən də Fələstin müsəlmanları bizim din qardaşlarımızdır. Təbii ki, onların da maraqları bizim üçün sıradan sayıla bilməz. Amma bir məqam var ki, İsrail və Fələstin arasındakı münaqişə və bütövlükdə bu problemin həlli Azərbaycan dövlətinin də inandığı və qəbul etdiyi kimi tərəflər arasında ortaq bir yaxınlaşma, yanaşma ilə həll edilməlidir. Yəni bu istər İsrail, istərsə də Fələstin hər ikisi öz aralarında çözüm əldə edərlərsə əlbəttə ki, Azərbaycan dövləti üçün də bu məqbul olacaq.

Amma islam ölkələrinin, bütövlükdə dünya müsəlmanlarının müqəddəs saydığı bir şəhərdən söhbət getdiyinə görə Azərbaycan dövləti də ona biganə qalmır. Məhz o Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak etmək üçün İstanbula gəlib. İndi biz gözləyəcəyik ki, islam ölkələri ümumilikdə Qüdslə bağlı hansı qərarı verəcəklər. Amma istənilən halda biz arzu edərdik ki, bizə yaxın, dost ölkə olan İsraillə Fələstin arasında münasibətlər dinc yollarla danışıqlar masası arxasında həll edilsin”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə