"Gənclər Ulu Öndərin tövsiyələrini öyrənməli və öz həyatlarında tətbiq etməlidirlər" MÖVQE

"Gənclər hər zaman Ulu Öndərin diqqət mərkəzində olub. Məhz bunun nəticəsidir ki, Ümumilli Lider ilk olaraq Gənclər və İdman Nazirliyinin yaradılması, daha sonra isə Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi ilə bağlı fərman vermişdi". Bu fikirləri SİA-ya Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

Ümummilli Liderin Azərbaycan Gənclərinin ilk forumunda iştirakını xatırladan komitə sədri söyləyib ki, Ulu Öndər Azərbaycan gənclərinin gələcək inkişafının təməlini qoyaraq həmin forumların silsilə şəklində keçirilməsinə nail olub: "Elə o zamandan başlayaraq ölkəmzdə gənclər siyasəti dövlət siyasətinin əsas tərkib hissəsi kimi formalaşmağa başladı".

F. Muradov qeyd edib ki, əsası Ümummilli Lider tərəfindən qoyulan gənclər siyasəti bu gün də uğurla davam etdirilir: "Azərbaycanda gənclərin öz imkanlarını göstərməsinə həmişə şərait yaradılıb. Bu gün Azərbaycan gənci üçün bütün lazımi imkanlar var. Prezident İlham Əliyev mütəmadi olaraq gənclərlə bağlı müxtəlif sərəncamlar imzalayır. İstər Gənclər Fondunun yaradılması, istərsə də gənclər üçün qəbul edilən proqramlar onların inkişafına hesablanıb. Bütün bunlar məhz Ümummilli Liderin siyasi kursunun davamıdır".

Komitə sədri əlavə edib ki, bu gün Azərbaycan gənclərinin vətənpərvərlik ruhunda böyüməsinin, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində fəaliyyət göstərməsinin təməli Ulu Öndər tərəfindən qoyulub: "Gənclərimiz vətənimizin azadlığı, müstəqilliyi uğrunda hər zaman hazır olmalıdırlar. Qarabağın azadlığı üçün dövlət başçısı tərəfindən siyasi kurs bəllidir. Gənclər Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər aparmalıdırlar. Həmçinin, Ali Baş Komandanın əmrinə hazır olmalıdırlar. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin nəticəsini, onun xalqımızın rifahı üçün fəaliyyətini bu gün hər bir vətəndaşımız hiss edir. Məhz dahi şəxsiyyətin qətiyyəti sayəsində Azərbaycan mustəqil dövlət kimi möhkəmlənib, ölkəmiz inkişaf edib. Odur ki, gənclərimiz daim Ulu Öndərin tövsiyələrini öyrənməli və öz həyatlarında tətbiq etməlidirlər. Bu, hər birimizin mənəvi borcudur".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə