YAP Qadınlar Şurası Ulu Öndərin xatirəsini yad edib TƏDBİR - FOTOLAR

Bu gün Bakı Slavyan Universitetində Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan "Heydər Əliyev fonomeni - müdriklik və qətiyyət örnəyi" adlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları ilk növbədə universitet binasında Ulu Öndərin büstü qarşısına gül dəstələri düzüblər.

Konfrans zalında davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

İlk çıxış edən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, Ulu Öndərin anım günü Heydər Əliyevə məhəbbətlə yanaşan hər kəs tərəfindən müxtəlif tədbirlər vasitəsilə anılır. Onun sözlərinə görə, bugünkü Azərbaycanın banisi Ulu Öndər olub: "Ulu Öndər zamana qalib gələn şəxsdir. Çünki adətən insanlar həyatını dəyişdikcə tədricən unudulur. Amma Ümummilli lider zamana qalib gəlməklə əksinə zaman-zaman insanların yaddaşlarında daha möhkəm qalmağı bacarır. Onun adı gələndə gözümüzün qarşısında savadlı, kamil, ağıllı, dünya siyasətində seçilən şəxs kimi canlanır. Ulu öndər bütün dünyada tanınan, seçilən şəxsiyyətlərdəndir".

N.Əliyeva söyləyib ki, Azərbaycanın bugünkü inkişafı göz qabağındadır: "Bunun təməlində Ulu Öndər ideologiyası var. Ümummilli liderin təfəkkürünə, nitqinə heyran olmamaq mümkün deyil. Biz Onun bu dünyadan köçdüyünə inanmırıq. Çünki Ulu Öndərin ideyaları yaşayır və bizimlədir".

Ümummilli liderin Azərbaycanı ən çətin məqamlardan xilas etdiyini xatırladan N.Əliyeva qeyd edib ki, dahi şəxsiyyətin qüdrəti, siyasəti, dühası heç bir zaman ölkəmizi tərk etməyəcək. Ümummilli liderin təhsil, səhiyyə və digər sahələrə göstərdiyi diqqət haqqından söz açan YAP İdarə Heyətinin üzvü söyləyib ki, bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Daha sonra çıxış edən Azərbaycan Prezidenti Katibliyinin rəisi, 1-ci dərəcəli dövlət müşaviri Dilarə Seyidzadə bildirib ki, Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi şəxsiyyəti olub: "Bu gün biz müstəqil ölkənin vətəndaşı olaraq necə çətin yollardan keçdik. Bu müstəqilliyin qorunması Ümummilli Liderin xidməti sayəsində mümkün olub. Heydər Əliyev ölkəmizin müstəqilliyini qorumaqla yanaşı, inkişafı naminə çox mühüm işlər görüb".

Ümummilli liderlə bağlı xatirələrini bölüşən D.Seyidzadə söyləyib ki, Ulu Öndər bütün dünyada maraqla dinlənilib, hörmətə qarşılanıb: "Hər bir azərbaycanlı bunu qiymətləndirməli, Onun qoyduğu yolla getmək üçün əlindən gələni etməlidir. Ulu Öndər böyük məktəb, ensiklopediya idi. Ümummilli lider Azərbaycanla fəxr edirdi. Ölkəmiz gündən-günə inkişaf edir. Bu gün Prezident İlham Əliyev ölkəmizin inkişafı ilə bağı mühüm işlər görür".

Anım tədbirində "Heydər Əliyev fonomeni - müdriklik və qətiyyət örnəyi" adlı film nümayiş olunub.

Tədbirin davamında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, xanım millət vəkilləri və digərləri Ulu Öndərin Azərbaycan tarixində rolu və yeri haqqında fikirlərini bölüşüblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə