YAP Gəncə şəhər təşkilatının IX konfransı keçirilib

Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı fəaliyyəti dövründə mütərəqqi iş təcrübəsi toplayaraq, YAP-ın sınanmış qabaqcıl təşkilatlarından birinə çevrilib, siyasi-ideoloji cəhətdən daha da mətnləşərək, yeni iş təcrübəsi ilə zənginləşib. Bu fikirlər dekabrın 9-da Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının IX konfransında səsləndirilib.

Konfransda Baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatları Eldar İbrahimov, Musa Quliyev, Xanlar Fətiyev, Pərvin Kərimzadə, ziyalılar və YAP fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.

Dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda YAP-ın yaradıcısı ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev geniş hesabat məruzəsi ilə çıxış edərək, ötən müddətdə görülmüş işlər barədə məlumat verib. YAP Gəncə şəhər təşkilatının hesabat dövründə sıralarının xeyli genişlənərək, üzvlərinin sayının 40 minə çatdığını deyən Naqif Həmzəyev vurğulayıb ki, təşkilat bundan sonra da partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən ləyaqətlə gələcək.

Sonra YAP Gəncə şəhər təşkilatının nəzarət-təftiş qrupunun hesabatı dinlənilib.

Baş nazirin müavini, YAP-ın sədr müavini Əli Əhmədov çıxış edərək, bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, regionun aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, sıralarının kəmiyyət və keyfiyyət baxımından zənginləşməsindən danışıb. Əli Əhmədov diqqətə çatdırıb ki, hər zaman nümunəvi fəaliyyəti ilə fərqlənməyə çalışan YAP Gəncə şəhər təşkilatı 2015-ci ildə keçirilmiş parlament seçkilərində, 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil.

Elmar Vəliyev Prezident İlham Əliyevin tapşırıqlarının Gəncə şəhərində uğurla yerinə yetirildiyini diqqətə çatdırıb, şəhərin inkişaf və tərəqqisində, aparılan abadlıq-quruculuq işlərində, sosial-iqtisadi, ictimai-siyasi həyatında partiya fəallarının yaxından iştirak etdiyini vurğulayıb.

Tədbirdə konfrans iştirakçıları çıxış edərək, təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Çıxışlardan sonra konfransın qətnaməsi qəbul olunub, təşkilati məsələlər müzakirə edilib. Naqif Həmzəyev yenidən YAP Gəncə şəhər təşkilatının sədri seçilib. Konfransda 93 nəfərdən ibarət şəhər təşkilatının Şurası, 27 nəfərdən ibarət İdarə Heyəti və nəzarət təftiş qrupu da seçilib.

YAP Gəncə şəhər təşkilatının 40 mininci üzvünə partiya vəsiqəsi verilib.

Sonra təşkilatın bir sıra fəal üzvünə fəxri fərmanlar təqdim edilib.

Konfransın sonunda Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə müraciət qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə