Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış 330 gənc əsgərin təntənəli hərbi andiçmə mərasimi keçirilib.

SİA-nın verdiyi məlumata görə, Dövlət himni səsləndirildikdən sonra dövlət bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilmiş, gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqət andı içiblər.

Tədbirdə Penitensiar xidmətin rəis müavini, ədliyyə polkovniki Oqtay Məmmədov təbrik nitqi ilə çıxış edib, gənc əsgərlərə Vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, hər an əldə silah ölkəmizin müdafiəsinə qalxmağa hazır olmağı tövsiyə edib.

Çıxış edən əsgərlər və valideynləri yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə yalnız uğur qazanacaqlarını, Vətənin müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda Ali Baş Komandanın hər əmrinə hazır olduqlarını bildiriblər.

Daha sonra şəxsi heyətin marş sədaları altında təntənəli hərbi keçidi izlənilib.

Tədbirin sonunda Mühafizə alayının xüsusi təyinatlı dəstəsi fiziki və döyüş hazırlığını, peşəkarlığını qonaqlar qarşısında nümunəvi çıxışlarla nümayiş etdirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə