Politoloq: “Putin İsraillə münasibətləri korlamaq istəmir”

“Rusiya prezidenti Vladimir Putin Türkiyəyə gedir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son aylarda Rusiyaya xeyli səfər edib, rusiyalı həmkarı ilə gah Moskvada, gah da Soçidə görüşüb. Növbə Putinindir, indi onu Ankarada gözləyirlər. Liderlər həmişəki kimi iki ölkə arasında həyata keçirilən böyük enerji layihələrindən danışacaqlar, Suriyada DAİŞ terroruna son qoyulması da gündəm mövzusu olacaq”. SİA-nın verdiyi məlumata görə, bunu açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Ərdoğan - Putin görüşünə yeni mövzu da verib: “Türkiyə və Rusiya prezidentləri Vaşinqtonun Qüdsü İsrailin paytaxt kimi tanıması məsələsinə də toxunacaqlar. Putin bu məsələdə Ərdoğan qədər sərt mövqedə deyil, ona görə də onun Ankarada bu məsələ ilə bağlı verəcəyi açıqlama bir qədər ehtiyatlı olacaq. Çünki Putin Ərdoğandan fərqli olaraq, İsraillə münasibətləri korlamaq istəmir.

Dağlıq Qarabağ mövzusuna gəldikdə isə Ərdoğanın bizim mövzumuzu israrla Putinlə geniş müzakirə edəcəyini proqnozlaşdırmıram. Ərdoğan iki dəfə təşəbbüs göstərdi, Putin Dağlıq Qarabağı türkiyəli həmkarı ilə müzakirə etməyə həvəs göstərmədi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə