Saakaşvili aclıq aksiyasına başladı

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Kiyevdə polis nəzarətində saxlandığı müddətdə aclıq aksiyasına başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Saakaşvilinin vəkili Ruslan Çernolyutskiy jurnalistlərə verdiyi açıqlamasında deyib.

Vəkil bildirib ki, əgər məhkəmə Saakaşviliyə 60 gün həbs cəzası kəsərsə, aclıq aksiyası bu müddət ərzində davam edəcək.

Saakaşvilinin səhhətində problemlər olduğunu açıqlayan vəkil ona qarşı irəli sürülən iddianın siyasi məqsəd daşıdığını qeyd edib.

Ruslan sabiq prezidentin "İqtidar məni yalan ittihamlarla nəzarətə alıb. Belə addımlarla sizi qorxutmaq istəyirlər" mesajını jurnalistlərə çatdırıb.

Qeyd edək ki, Saakaşvili tərəfdarlarının bir qrupu sabiq prezidentin saxlandığı əraziyə toplaşıb. Zaman-zaman təhlükəsizlik qüvvələri ilə onlar arasında toqquşmalar baş verir.

Xatırladaq ki, Mixail Saakaşvili gecə yarısında təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində polis nəzarətinə alınıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə