"Ermənistan münaqişənin siyasi yolla həllində maraqlıdırsa konstruktivlik nümayiş etdirməlidir"

“Dünən mən, Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə saatlarla danışıqlar apardıq. Substantiv, nəticəyönümlü danışıqların bu kimi canlanması ehtiyatlı nikbinlik üçün səbəbdir. Bu il oktyabrın 16-da Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü doğru istiqamətdə atılmış addım idi. Sözügedən görüş sübut etdi ki, substantiv danışıqların yenidən başlanması üçün ön şərtin irəli sürülməsi cəhdləri uğursuzluğa məhkumdur. Görüşün ardınca Azərbaycan həmsədrlərlə birlikdə münaqişənin həlli istiqamətində Ermənistanın və Azərbaycanın mövqelərini yaxınlaşdıracaq yolların tapılması məqsədilə substantiv məsələlərə diqqət yönəldib. Buna baxmayaraq, regiondakı bəzi qüvvələrin qəbulolunmaz və qeyri-davamlı status-kvo vəziyyətinin dəyişdirilməsinə yönəlmiş zəruri siyasi addımlar atmaqda maraqlı olmaması ciddi narahatlıq doğurmaqda davam edir”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 24-cü iclasındakı çıxışında bildirib.

Elmar Məmmədyarov deyib ki, rəsmi Yerevan Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki mənzərəsinin dəyişdirilməsinə yönəlmiş qeyri-qanuni addımlarını davam etdirməklə, hərbi işğalın möhkəmləndirilməsinə və “fait accompli” vəziyyətinin yaradılmasına istiqamətlənmiş məqsədyönlü siyasət apardığını nümayiş etdirir. 1993-cü ildə işğal olunana qədər tamamilə etnik azərbaycanlıların yaşadığı işğal altındakı Cəbrayıl rayonunda kilsənin açılması Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn kobud pozulmasının daha bir göstəricisidir. Ermənistan təxribatçı addımlarına paralel olaraq işğal olunmuş ərazilərə müvafiq beynəlxalq qurumlardan ibarət ehtiyacların öyrənilməsi məqsədilə missiyaların göndərilməsinə dair bizim təkliflərimizi rədd edir.

Təmas xətti boyunca həyata keçirdiyi hərbi təxribatlar daxil olmaqla Ermənistanın işğal edilmiş ərazilərdə bu yaxınlarda keçirdiyi hərbi təlimlər və bu kimi digər addımları sülh səylərini pozur. ATƏT-in Minsk qrupu və həmsədrlər tərəfindən bütün bunlarla bağlı hərtərəfli tədbirlər görülməlidir. Harada olmasından asılı olmayaraq, ATƏT-in üzv dövlətləri fiziki və hüquqi şəxslərin qeyri-qanuni iqtisadi və digər xarakterli fəaliyyətlərinin qarşısını almaq məqsədilə beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə alətlərdə təsbit edilmiş öhdəliklərini yerinə yetirməlidirlər.

BMT Təhlükəsizlik Şurasının (TŞ) müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və ATƏT-in qərar və sənədləri münaqişənin həlli və Minsk Konfransının həmsədrlərinin mandatının əsasını təşkil edir. BMT TŞ-nin 1993-cü ildə qəbul edilmiş qətnamələri işğalçı qüvvələrin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qarşılıqlı addım olaraq kommunikasiya və nəqliyyat xətlərinin açılmasına çağırış edir və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarına yardım edilməsinə israr edir. Bu yanaşmanın əsas mahiyyəti münaqişənin nəticələrinin aradan qaldırılmasına və həll olunmamış siyasi məsələlərin Minsk Konfransı çərçivəsində müzakirə edilməsinə əsaslanır. Əgər Ermənistan həqiqətən də münaqişənin siyasi yolla həllini tapmaqda maraqlıdırsa, o zaman münaqişənin həlli prosesində konstruktiv şəkildə iştirak etməlidir.

Nazir deyib ki, növbəti aylar Ermənistanın sülhün əldə edilməsində ciddi tərəfdaş olub-olmadığını, münaqişənin həllində irəliləyişin əldə edilməsi və onun həlli üçün substantiv danışıqlarda konstruktiv şəkildə iştirak edib-etməyəcəyini və yaxud əlavə qeyri-sabitlik və münaqişəyə doğru yuvarlanacağımızı nümayiş etdirəcək. Azərbaycan BMT Nizamnaməsinin 7-ci fəsli əsasında təsbit olunmuş hüquqlarını özündə saxlayır.

Digər natiqlər tərəfindən qeyd edildiyi kimi, ATƏT məkanında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması ilə bərabər oxşar vəziyyətləri Ukrayna, Gürcüstan və Moldovada da müşahidə edirik. Hesab edirik ki, sözügedən münaqişələrin davamlı həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə ATƏT-ə üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət vasitəsilə təmin oluna bilər.

loading...