Nərimanovda Ulu Öndərin anım günü ilə bağlı tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının Qadınlar Şurası Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirib. SİA-nın xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Ulu öndərə həsr edilmiş film nümayiş olunub.

YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova bildirib ki, həm sovet hakimiyyəti, həm də müstəqillik dövründə Ulu öndər Heydər Əliyev yalnız Azərbaycan xalqının tərəqqisi və inkişafına xidmət edib. Onun sözlərinə görə, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu öndər Heydər Əliyevin adı Azərbaycan xalqının rəmzinə, əməlləri isə hünər timsalına çevrilib.

O qeyd edib ki, bu gün Heydər Əliyev siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir: “Bu günümüzün gerçəkliyi budur ki, Azərbaycan dinamik inkişaf yolundadır. Hər bir sahədə tərəqqi müşahidə olunur. Dünyanın ən nüfuzlu mətbuat orqanlarında ölkəmizin iqtisadi və siyasi uğurları geniş şərh olunur. Eyni zamanda, dünya siyasətçiləri bu fikri hər zaman bəyan edirlər ki, ölkəmizdə həyata keçirilən siyasətin alternativi yoxdur”. M.İbrahimova əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasətindən danışaraq deyib ki, bu gün qadınlarımız cəmiyyətimizin həyatında fəal iştirak edirlər.

Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədr müavini İradə Mahmudova ölkəmizin dünəninin, bu gününün və sabahının tarixi şəxsiyyət, Azərbaycanın böyük oğlu, Ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan tarixinin böyük bir dövrü, onilliklər ərzində qazandığı nailiyyətlər Ulu öndərimizin adı ilə bağlıdır. İ.Mahmudova çıxışında Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının bir ideya - azərbaycançılıq ideyası ətrafında birləşməsi istiqamətində atdığı addımlardan geniş söhbət açıb. O qeyd edib ki, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir.

YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Məhbubə Məmmədova bildirib ki, Ümummilli lider Heydər Əliyev xalqımızın və dövlətimizin gələcəyi naminə misilsiz xidmətlər göstərib. Ümummilli liderin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu deyən M.Məmmədova həmçinin Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik siyasəti ilə ölkəmizin daha da yüksək inkişaf xətti tutduğunu vurğulayıb.

Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

loading...