"Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisə meyllilik var" ŞƏRH

“Vyanada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün təfərrüatları gizli saxlanılır. Amma 2018-ci ilin yanvar ayında XİN başçıları arasında yeni görüşün təyin edilməsi Dağlıq Qarabağ münaqişəsinin həllində kompromisə meylliliyin olduğu göstərir”. Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, görüşdən sonra XİN başçıları müzakirə edilən nüansları öz ölkələrinin prezidentinə çatdırmalıdırlar: “Hər halda mən yeni görüşün təyin edilməsini danışıqlar prosesində irəliləyiş kimi dəyərləndirirəm. Bu məsələ müəyyən optimizm oyadır”.

Ölkə başçıları səviyyəsində növbəti görüşün gözlənməsi ilə bağlı fikirlərini bildirən Q.Hüseynli bildirib ki, prezidentlər əsasən sülh prosesini yaradan çərçivə prinsiplərinin razılaşdırılmasını gözləyirlər: “Bildiyiniz kimi nazirlərin görüşünə qədər ekspertlər çalışır, daha sonra XİN başçıları görüşür, Prezidentlər isə məsələdə hər hansı razılaşma olduqdan sonra masa ətrafında toplaşırlar. Əgər yanvar ayında keçirilməsi nəzərdə tutulan XİN başçılarının görüşündə problemin həlli istiqamətində razılaşma əldə olunsa, o zaman prezidentlər səviyyəsində görüş gözlənilə bilər. Düzdür, Ermənistan tərəfindən hər hansı konstruktiv addım atılmasını gözləmək çox çətindir. Amma hər halda sülh yaratma prosesinin olmasının özü də mütərəqqi hadisədir. Əgər prezidentlərin görüşünə yol açılsa, o zaman münaqişənin həlli ilə bağlı pozitiv məqamların olduğunu söyləmək olar”.

Politoloq əlavə edib ki, Azərbaycanın problemin həlli ilə ərazi bütövlüyünün təmin edilməsidir: “Azərbaycan ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək status Muxtar Respublika statusu verməyə tərəfdar olduğunu bildirir. Lakin ermənilər hər vəchlə Dağlıq Qarabağın statusunu Azərbaycansız təsəvvür edirlər. Problemin həllinə mane yaradan əsas məsələ də bundan ibarətdir. Əslində Azərbaycanın kompromis limiti çoxdan bitib. Ölkəmiz kompromis deyəndə ermənilərə veriləcək ən yüksək statusu, ermənilər isə kompromis deyəndə Dağlıq Qarabağa müstəqillik verilməsi və ya onun Ermənistana birləşdirilməsinə razılı verilməsini nəzərdə tutur. Bu nöqteyi-nəzərdən irəliləyişin birdən-birə baş verməsi çox çətin məsələdir. Güman edirəm ki, bu məsələ çətinliklərlə də olsa özünə yer açacaq. Əgər Rusiya bu məsələdə obyektivlik və birtərəflilik nümayiş etdirsə, zənnimcə məsələlər xeyli sürətlə irəliləyə bilər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə