"Cəmiyyət hökumətə inanır, etimad göstərir" MÖVQE

"Cəmiyyət hökumətə inanır, etimad göstərir. Bu da şübhəsiz ki, Prezidentin ölkədə sabitliyin təmin edilməsi sahəsində gördüyü möhtəşəm işlərlə bağlıdır". Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Tahir Kərimli Hollandiyanın ING maliyyə holdinqinin analitik məruzəsinə münasibət bildirərkən deyib.

Sorğunun obyektiv şəkildə aparıldığını deyən deputat söyləyib ki, bu, Azərbaycanda aparılan islahatlara inanmayanların şübhəsinə son qoyub: "Əgər sorğu nəticəsində hakimiyyətə əhalinin 81 faizi, parlamentə 65 faizi, siyasi partiyalara 45 faizinin inandığı üzə çıxırsa, bu hal sevindiricidir. Aparılan sorğu parlament qarşısında daha böyük məsuliyyət qoyur. Belə ki, Azərbaycan parlamenti bundan sonra bu etimadı doğrultmalı və daha çox çalışmalıdır. Hökumətə olan etimada gəlincə isə, xalq bu hakimiyyətə alternativ qüvvə görmür".

Məlumat üçün nəzərinizə çatdıraq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə