Azərbaycan-Pakistan hərbi-texniki əməkdaşlığının perspektivləri barədə müzakirələr aparılıb

Noyabrın 24-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Zübair Mahmud Hayatın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı məmnunluq hissi ilə qeyd olunub, sərhəd təhlükəsizliyi və hərbi-texniki əməkdaşlıq sahələrində qarşılıqlı faydalı münasibətlərin perspektivləri müzakirə edilib, bu əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikasının dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə edilməsi, transsərhəd cinayətkarlığa qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə qonaqlara məlumat verilib.

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə qarşı çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə