MSK-da Qazaxıstan MSK-nın nümayəndə heyəti ilə görüş olub

Qazaxıstan Respublikası Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti noyabrın 24-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşüb. Bu barədə MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.

MSK sədri Məzahir Pənahov əlaqələri ilbəil genişlənməkdə olan iki ölkənin ali seçki qurumları arasındakı əməkdaşlıqdan məmnunluğunu bildirib. Sədr, eyni zamanda, vurğulayıb ki, bu münasibətlər davamlı təcrübə mübadiləsinin aparılmasına və seçki praktikasının daha da təkmilləşdirilməsinə xidmət göstərir.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası sədrinin müavini Konstantin Petrov və nümayəndə heyəti Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının da ən son nailiyyətlərindən istifadə edilərək seçki sisteminin hazırkı inkişaf səviyyəsinə çatdırılması istiqamətində görülmüş işlərlə maraqlanıb və bu uğurlu təcrübənin öyrənilməsinin onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

MSK sədri Məzahir Pənahov nümayəndə heyətinin suallarını cavablandıraraq, ölkəmizin seçki sistemi, seçki qanunvericiliyinin daha da inkişaf etdirilməsi üçün həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, son illər ölkəmizdə keçirilən seçkilərdə əldə olunan qabaqcıl təcrübəni qonaqların diqqətinə çatdırıb və bildirib ki, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün ölkədə hərtərəfli şərait mövcuddur.

Görüş çərçivəsində nümayəndə heyəti MSK-nın İnformasiya Mərkəzində də olub. Mərkəzdə qonaqlara “Seçkilər” İnformasiya Sistemi, seçkilər zamanı proseslərin şəffaflığının təmin olunmasında sistemin təkmilləşdirilmiş şəbəkə variantından geniş istifadə imkanları və müvafiq proqram təminatları barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.

Sonra Qazaxıstan MSK-nın nümayəndə heyəti Bakı şəhərində yerləşən bir neçə seçki dairəsinə baş çəkərək dairə seçki komissiyalarının iş şəraiti, eləcə də komissiya üzvlərinin, DSK katibliklərinin praktiki fəaliyyəti və müvafiq hüquqi baza ilə yaxından tanış olublar.

loading...