Aydın Mirzəzadə: “NATO ilə münasibətlərdə maraqlıyıq” AÇIQLAMA

“Ümumiyyətlə Azərbaycan bu kimi görüşlərdə regionun nüfuzlu lider dövləti kimi çıxış edir. Azərbaycanla əməkdaşlıq və Azərbaycanla bağlı planların qəbul edilməsi artıq beynəlxalq təşkilatlar üçün çox maraqlı perspektivli bir fəaliyyət sayılır. Baxmayaraq ki, biz NATO-nun üzvü deyilik və ora üzv üçün müraciət etməmişik amma Şərq Tərəfdaşlıq Proqramının iştirakçısı kimi NATO ilə münasibətlərdə maraqlıyıq”. Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Birliyinin Sammitində, həm də NATO-nun Şərq Tərəfdaşlığı Sammitində iştirakı, Azərbaycanın mövqeyini ortaya qoymaqla beynəlxalq birliyin diqqətini Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarına yönəltməyi ən əsası dünyanın ikili standartlarla idarə etmək prinsipindən əl çəkməyə yönələn çox düşünülmüş bir addımdır: “Məsələn, bu gün rəsmi İrəvan qəzetləri bu sammitdə Ermənistanın iştirakının işğalçı ölkə üçün çox böyük bir diplomatik faciə adlandırırlar. Beləki NATO sammitində iştirakçılar ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipinə dəstək verəcəklər. Cənab Prezidentin çıxışında Azərbaycanın qazandığı uğurlar, ölkəmizin beynəlxalq birlikdə stabilliyin və təhlükəsizliyin olmasında maraqlı olması tezislərini irəli sürməsi ümumən dünyanın maraqlarına cavab verir. Həmçinin dövlət başçısının sammitlər çərçivəsində xarici ölkə həmkarları ilə görüşü Azərbaycanla bu ölkələr arasında əməkdaşlığın güclənməsinə, Azərbaycanın dostlarının sayının artmasına və ümumən götürdükdə Azərbaycanı dünyaya daha dərindən tanıtmağa xidmət edir. Cənab İlham Əliyevin xarici siyasət kursu bugün həm dünyanın, həm də Azərbaycanın maraqlarına tam cavab verir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə