"Mehri SES-in tikintisindən imtina İran-Ermənistan münasibətinin pisləşdiyinə sübutdur" - Mübariz Əhmədoğlu

"İran və Ermənistan Mehri SES-in tikintisi üçün yeni investorlar axtarırlar. Bu barədə Ermənistanın enerji infrastrukturları və təbii ehtiyatlar nazirinin müavini Ayk Arutyunyan bildirib. Bu İranın Mehri SES-in tikintisini maliyyələşdirməkdən imtina etməsinin rəsmi sübutudur". Bunu SİA-ya açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq bildirib ki, 2012-ci ilin noyabr ayında təməli qoyulan bu stansiya 2016-cı ilin əvvəlində istifadəyə verilməli idi: "323 milyon dollar olan bütün xərci İran tərəfi çəkəcəkdi. İranın eks-prezidenti Mahmud Əhmədinejad prezidentliyi dövründə Mehri SES-in tikintisi İranın Ermənistana hədiyyələri sırasında idi. O zaman Ermənistan bankları ABŞ-ın sanksiyalarına görə İrandan bu pulu qəbul edə bilmədilər. Rəsmi Yerevan SES tikintisi üçün nəzərdə pulu nağd dollarla kisələrdə Ermənistana gətirməyi təklif etdilər. M.Əhmədinecad bunu qəbul etsə də, İranın bank strukturu bu əməliyyatı reallaşdıra bilmədi. İndi İran maliyyə vəziyyətinə görə bu pulu ödəyə bilmir. Amma səbəb təkcə maliyyə deyil. Ermənistanın çoxbaşlı geosiyasi oyunları İran tərəfindən təhlükə kimi qəbul edilir".

M.Əhmədoğlu qeyd edib ki, Ermənistan nəqliyyat nazirliyinin nümayəndəsi “Şimal-Cənub” avtomobil yolunun tikintisində xeyli geriləmənin olduğunu da bildirdi: "Bu layihənin də bünövrəsi Əhmədinejadın dövründə qoyulmuşdu. Ermənistan İran adı ilə beynəlxalq maliyyə qurumlarını aldadaraq “Şimal-Cənub” avtomobil yolunun tikintisinə 500 milyon dollar kredit cəlb edə bildi. Tikintisi 4 mərhələyə bölünmüş bu yolun hətta I mərhələsi başa çatdırılmayıb. Pul isə xərclənib qurtarıb.

İran-Ermənistan dəmir yolunun tikintisinə investor axtarışı ilə bağlı danışıqlar davam edir. Bunu da Ermənistan nəqliyyat nazirliyinin rəsmiləri bildirdilər.

Bütün bu layihələr S.Sərkisyanın prezidentliyi dövründə hazırlandı. Ermənistanı bu layihələr üzrə dövlət siyasətinin iflası da S.Sərkisyanın prezidentliyi dövrünə düşdü.

Avropa və dünyanın digər regionlarının siyasətçilərinin belə prezident S.Sərkisyana inanmasının səbəbi yalnız özlərinin korrupsiya marağındadır".

Bütün xəbərlər Facebook səhifəmizdə