Bəhruz Quliyev: “Avropanın ikili standarları idmanda da özünü göstərdi” AÇIQLAMA

“25 yaşlı “Qarabağ” klubunun 112 illik böyük futbol təcrübəsi olan ingilis klubu ilə baş-başa gəlməsinin özü böyük futbol hadisəsidir. Bu mənada Azərbaycanın hər bir futbol azarkeşini təbrik edirəm. Şəhəri işğal altında olan futbol klubunun Avropada qazandığı uğurlar, Çempionlar Liqasına vəsiqə qazanması təkcə Qurban Qurbanovun, təkcə “Qarabağ”ın deyil, bütün azərbaycanlıların fəxarət hissi keçirdiyi olaydır”. Bunu SİA-ya açıqlamasında SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev deyib.

Media Qrupun rəhbərinin sözlərinə görə, “Qarabağ” klubunun Çempionlar Liqasında iştirakı Azərbaycan futbolunda yeni bir mərhələnin başlanğıcıdır: “Mən komandamızı ən yüksək oyun nümayişinə görə təbrik edirəm. Biz indiki halda “Qarabağ”dan nəticə gözləməməli, sadəcə, komandamızın Çempionlar Liqası kimi mötəbər bir turnirdə olmasından zövq almağa çalışmalıyıq. Bütün bunlar bir yana, “Qarabağ” futbol oynamağı bacardığını bütün Avropaya sübut edib. Azərbaycan demək olar ki, qrup çərçivəsində keçirdiyi bütün görüşlərdə çox yüksək nəticə göstərdi. Komandamız Avropaya bir futbol dərsi keçdi. Nəticələrindən asılı olmayaraq "Qarabağ"ın keçirdiyi oyunlarda qələbə qazandığını düşünürəm”.

“Qarabağ” – “Çelsi” oyunu zamanı hakimin komandamıza qarşı ədalətsiz qərarına da münasibət bildirən Bəhruz Quliyev bildirib ki, təəssüflər olsun ki, Avropanın Azərbaycana qarşı sərgilədiyi ikili standartlar idmanda da özünü göstərdi: “İdman bir növ idmançıların gücünün göstəricisidir. Amma bu o demək deyil ki, buna qarşı ciddi şəkildə haqsızlıq nümayiş etdirəsən. Bu artıq dözülməzdir. Hətta Çempionlar Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" - "Atletiko" oyununda hakimin komandamıza qarşı haqsızlığı İspaniya mətbuatında da müzakirə olunmuşdu, rəqib azarkeşlər hakim ədalətsizliyinə etiraz etmişdilər. İndi də İngiltərənin məşhur "The Sun" qəzeti “Qarabağ” – “Çelsi” oyununda ilk penaltinin mübahisəli olduğunu və qırmızı vərəqənin isə yanlış verildiyini yazıb. Nəşr xəbərə "Çılğın qərar" başlığını verib və hakimin qərarına hətta "Çelsi" azarkeşlərinin də təəccübləndiyini vurğulayıb. Təəssüflər olsun ki, “Çelsi” klubunun baş məşqçisi Antonio Konte də hakimin bu ədalətsiz qərarına münasibət bildirməkdən boyun qaçıraraq epizodu görmədiyini deməklə, əslində görməzdən gəldiyini büruzə verib. Halbuki hər kəs bilir ki, o peşəkar məşqçidir və meydançada baş verənləriin hər anını izləyir”.

Bəhruz Quliyev Azərbaycan ictimaiyyətinin, ziyalıların, futbol azarkeşlərinin redaksiyamıza daxil olan çoxsaylı müraciətlərinə və zənglərinə də aydınlıq gətirib: “Mən onların xahişini də nəzərə alaraq geniş auditoriya adından həmin hakimin düz gözünün içinə tüpürürəm. Ona görə ki, həm komandanın kapitanı kimi, həm də ona qarşı olan ədalətsiz qərara görə Rəşad Sadıqov tərəfindən hakimə kəskin etiraz bildirməli idi. Amma o bir idman mədəniyyəti nümayiş etdirdi. Bütün bunlara baxmayaraq mən bir daha “Qarabağ” klubunu qazandığı bütün qələbələr münasibətilə təbrik edirəm”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə