Sahib Alıyev: “Sərkisyandan 5 rayonun boşaldılması tələb edilməlidir” MÜNASİBƏT

"Dağlıq Qarabağ problemini ancaq Rusiya həll edə bilər və mən Rusiya prezidentini növbəti dəfə 5 rayonun qaytarılması məsələsinə diqqətli yanaşmağa çağırdım",- bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan dünən keçirilən Soçi görüşü öncəsi səsləndirmişdi. Qardaş dövlətin başçısının aradan heç bir həftə keçməmiş yenidən bu mövzuya qayıtması, Suriya ilə paralel Dağlıq Qarabağ məsələsini də gündəmə çıxarması bizim üçün çox önəmlidir”. SİA-nın verdiyi məlumata görə, bunu millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, əslində İŞİD deyilən şəbəkədəki terrorçuların Suriyada etdikləri vəhşilikləri "hay" terrorçuları daha amansızcasına, soyqırım və etnik təmizləmə keçirməklə Dağlıq Qarabağda törədiblər və İŞİD kimi böyük güclərdən dəstək alaraq bunu ediblər: “Əgər Rusiya həqiqətən terrora və terrorçulara qarşıdırsa, Suriyada apardığı əməliyyatlar bu məqsədlə edilirsə, ondan nədən biz hay terrorçu və separatçı rejiminə qarşı da eyni yanaşmanı görmürük. Cənab Ərdoğanın Putinlə görüşdə təkrar-təkrar Dağlıq Qarabağ məsələsini qaldırması da əslində bu deməkdir və təzyiq məqsədi daşıyır.

Ancaq 5 rayonun qaytarılmasının vurğulanmasına gəldikdə isə Madrid sənədlərində Dağlıq Qarabağ probleminin çözümündə ilkin mərhələ kimi bu məsələ öz əksini tapıb və həmsədr dövlət olaraq Rusiya da buna öz razılığını verib. Əgər həmsədrlər, o sıradan da Ermənistan üzərində dominant təsiri danılmaz olan Rusiya tərəflər arasında gərginliyin azaldılmasını istəyirlərsə, onda Sərkisyan rejimindən ilkin addım olaraq 5 rayonun boşaldılmasını tələb etməlidir.

Türkiyə prezidentinin Dağlıq Qarabağ prbobleminin "bizim milli məsələmiz" deyə səsləndirməsinə gəldikdə bu, Ulu Öndərin "Bir Millət, iki dövlət" fikrinin əməldə təsdiqidir, alqışlayırıq!”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə