“Separatçıda Ermənistanın diplomatik pasportu hardandır?” AÇIQLAMA

“ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri Fransa hökumətinin beynəlxalq hüquq prinsiplərinə zidd olan hərəkətidir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, separatizmə dəstək verən qüvvələr dünyanın hər bir yerində var: “Təbii ki, bunlarda maraqlardan irəli gəlir. Fransada da erməni lobbisinin güclü olmasından bunlar bu provokasiyon hərəkəti rəsmi Parisə elətdirə biliblər. Mən çox narahatam ki, hökumət belə bir təzyiqlər altında bu səviyyədə qanunsuz hərəkəti, qanunsuz rejimi, tanınmamış bir separatçı qüvvənin rəhbərini qəbul edib.

Axı Bako Saakyan hansı dövlətin pasportu ilə Fransaya səfər edib. Sual yaranır ki, Ermənistanın diplomatik pasportu separatçıda hardandır? Və yaxud o pasportla Fransaya daxil olursa, nə cür o Azərbaycanın işğal altında saxlanılmış torpaqlarından danışır? Bu, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasının rəhbəridir. Dağlıq Qarabağın azərbaycanlı icması dəfələrlə onları dialoqa dəvət edib. Fransa hökuməti buna diqqət yetirməlidir ki, nə səbəbə bunlar dialoqdan qaçırlar və niyə işğalçılıq siyasətini uzatmaq istəyirlər? Fransa hakimiyyətinə bu suallar ünvanlanmalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə