Millət vəkili: “Həmsədrlərdən biri Türkiyə olsun” AÇIQLAMA

“Əslində baxanda Bako Saakyanın Fransada təmtəraqla qarşılanması Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə ATƏT-in həmsədr olaraq Fransanın münasibətini göstərir”. Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, uzun illər bu münaqişənin həll olunmaması da məsələyə həmsədrlərin ikiüzlü münasibəti olub: “Çünki, onlara Azərbaycanın probleminin həll olunması maraqlı deyil. Elə olmasaydı Kataloniya parlamenti qərar qəbul edən kimi bütün Avropa dərhal ayağa qalxdı və Kataloniya vilayətinin rəhbəri Puçdemona qarşı cinayət işi açıldı, etirazını bildirdilər və yeni separatist ölkənin yaranmasının qarşısını aldılar. Amma uzun illərdir ki, seperatizmə məruz qalmış Azərbaycan torpaqları ilə bağlı heç bir birlik nümayiş etdirmirlər. ATƏT-in Minsk Qrupu yaradılanda kökündə səhv yanaşma olub. Bu səhv odur ki, ATƏT-in Minsk Qrupunun 3 həmsədri və işğalçı tərəf Ermənistan xristian mənşəlidir. Azərbaycan isə müsəlman ölkəsidir. Əgər məsələnin həllinə düzgün yanaşılsaydı və ATƏT üçün münaqişənin həlli maraqlı olsaydı həmsədr ölkələri müəyyənləşdirəndə həmsədrlərdən birisi də müsəlman olardı. Bu da məsələyə düzgün və tolerant yanaşmasını ortaya qoyardı və ikili standartlı yanaşmasını aradan qaldırardı. Tərəflərdən birisi Fransa yox, Türkiyə ola bilərdi. Əgər məsələyə bu konteksdən yanaşılsaydı münaqişə də çoxdan öz həllini tapmış olardı.

Əgər qeyd etdiyim kimi belə yanaşma olmasa bundan sonra da biz Bako Saakyanların təmtəraqlı qarşlanmalarının çox şahidi olacayıq. Düşünürəm ki, biz tələb etməliyik ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən birisi Türkiyə olsun. Əgər bu dəyişiklik olmasa biz ordumuzu daha gücləndirməli və mütəmadi olaraq öz gücümüzlə erməni terroristlərə zərbələr endirməklə qarış –qarış torpaqlarımızı işğaldan azad etməliyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə