Elman Məmmədov: “Azərbaycan məsələləri əsasən Rusiya ilə həll etməlidir” AÇIQLAMA

“Ümumiyyətlə, beynəlxalq səviyyəli diplomatik danışıqlarda elə məsələlər var ki, onlar ancaq həmin danışıqları aparanlar arasında olur və yayılmır. Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nəsə etmək istəyir. İstəyir ki, ölü nöqtədən bir tərpəniş, nəticə olsun”. Bunu SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, lakin Rusiya burada nə Azərbaycanın, nə də Ermənistanın maraqları nöqteyi-nəzərindən deyil, birbaşa özünün dövlət, imperiya mənafeylərinə sərf edən istiqamətdən problemin həllinə yanaşır: “Yəni burada Rusiya öz maraqlarını təmin edən şərtlər ortaya qoya bilər. Məsələn, bu şərtlər nələr ola bilər. Birincisi, Rusiya hərbiçilərinin sülhməramlı adı ilə TANAP xəttində Dağlıq Qarabağ ətrafında yerləşdirilməsidir. Təbii ki, bu, birmənalı olaraq Azərbaycanın mənafeylərinin əleyhinədir. Rəsmi Bakı buna razılıq verməz. İkincisi, Rusiya istəyir ki, Azərbaycan da Avrasiya İttifaqına üzv olsun. Üçüncüsü, Rusiya istəyir ki, Azərbaycan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olsun və s. Azərbaycan bütün bu təkliflərə öz dövlət təhlükəsizliyi, dövlət mənafeyləri xətti ilə baxır. Bizə uyğun olanı, sərf edəni, bizim xeyrimizə olanı biz qəbul edə bilərik. Yoxsa bizi nəyəsə məcbur etmək təbii ki, problemin həllinə kömək etməyəcək.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycandakı danışığı, dediyi sözlərlə Ermənistandakı dediyi sözlər arasında xeyli fərq oldu. Görünür ki, Lavrov ortada oynayır. Bunlar Ermənistanı çox istəməkdən belə etmirlər. Tarixən onlar erməniləri köçürüb bizim ərazilərə yığanda da erməniləri çox istəməkdən etməmişdilər. Ermənilərin namərdliyini, etibarsızlığını, xəyanətkarlığını bilərək onlardan həmişə tarix boyu bir alət kimi istifadə etmək üçün bugün də o məqsədlə onlara himayədarlıq edirlər. Hesab edirəm ki, bugün Azərbaycan Dağlıq Qarabağla bağlı məsələləri əsasən Rusiya ilə həll etməlidir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə