Bahar Muradova: "Məhkəmələrdə vəkillərin sayı artırılsın"

"İnsan kapitalının inkişafı onun hüquqlarının qorunmasını tələb edir. Bu olacaqsa, hökumət olaraq qarşıya qoyulan məsələlərinin öhdəsindən gələ bildiyimizi deyə bilərik. Azərbaycanda hakimlərin və vəkillərin sayı ilə bağlı problemlər var. Bu yaxınlarda qəbul etdiyimiz qanunun özü də bu sahədə ciddi addımların atılmasını tələb edir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edən parlament sədrinin müavini Bahar Muradova deyib.

O bildirib ki, məhkəmələrdə vəkil rolunu oynayan nümayəndələrin fəaliyyətini tənzimləmək üçün qanunvericilik sahəsində atılan addımlar vəkillərin sayının artırılmasını tələb edir: “Burada vətəndaşların məqsədli şəkildə hüquqlarının pozulmasından söhbət getmir. İşlərin yaxşı araşdırılmaması, müdafiənin səviyyəli şəkildə təmin olunmaması, istintaqın gedişində bir çox məsələlərin aydınlaşdırmağın mümkün olmaması məhkəmə baxışı zamanı prosedurların pozulması hallarına gətirib çıxarır. Təbii ki, nəticəsindən, verilən hökmlərdən, aparılan istintaqdan narazı qalan vətəndaşlar öz hüquqlarının pozulduğu qənaətinə gəlirlər. Hüquqlarının qorunması üçün müvafiq qurumlara müraciət edirlər”.

B.Muradova çıxışı zamanı ayrı-ayrı özəl sahələrdə yaşayan qaçqın və məcburi köçkünlərin evlə təmin olunması mısəsləsinə toxunub: "Ümumiyyətlə, ölkəmizdə qaçqın və məcburi köçkünlərlə bağlı çox işlər görülür. Lakin buna baxmayaraq, görülməli işlərin çox olduğu ortaya çıxır. Bildiyiniz kimi kimlərinsə obyektində və evində yaşayan qaçqın və məcburi köçkünlər var ki, onlar da digərləri kimi evlə təmin olunmasını istəyirlər. İlkin olaraq qəzalı evlərdə yaşayanların köçürülməsini dəstəkləyirəm. Bu belə də olmalıdır. Lakin köçürülmə siyahısında olmayan qaçqın və məcburi köçkünlər var ki, onların vəziyyəti də ağırdır və hətta kimlərdənsə asılı olduqları üçün bəzən evsiz qalmaq məcburiyyətində qalırlar. Bu baxımdan bu cür yerlərdə yaşayan qaçqın və məcburi köçkünlər siyahıya alınmalıdır".

B.Muradova özəl yerlərdə yaşayan qaçqın və məcburi köçkünlərin həmin ərazilərdən çıxaran şəxslərə qarşı tədbirlər haqqında düşünülməsini təklif edib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə