Ədliyyə işçiləri Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Noyabrın 22-si ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu gün ölkəmizdə ədliyyə orqanlarının yaradılmasından 99 il ötür. Bu peşə bayramı Ümummilli lider Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük qayğının təzahürü olaraq, 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub.

SİA-nın məlumatına görə, ədliyyə işçiləri, hakimlər peşə bayramı münasibətilə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarları üstünə də güllər qoyulub.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə