Azər Həsrət: “Moskva münaqişəni çox qısa zamanda həll edə bilər” AÇIQLAMA

“Əlbəttə ki, biz Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində oynaya biləcəyi rolu başa düşürük. Bütövlükdə bizim regionda Rusiyanın təsir imkanları digər ölkələr və təşkilatlardan daha yüksəkdir. Xüsusilə də Ermənistanın Rusiyanın "forpost"u olmasını nəzərə alsaq, əslində Moskva bu münaqişəni çox qısa bir müddətdə həll edə bilər. Yəni Azərbaycanla bağlı heç bir problem yoxdur”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Azərbaycan mümkün güzəştlər haqqında öz açıqlamalarını, bəyanatlarını verib: “İstənilən halda masa üzərində hansısa güzəştləri müzakirə etməyə hazırdır. Amma biz bilirik ki, Ermənistan sadəcə olaraq sözdə hansısa kompromislərə gedə biləcəyi ilə bağlı ifadələr işlədir. Lakin real məsələ işə düşəndə təbiidir ki, heç bir kompromisdən söhbət getmədiyini büruzə verir. Ermənistan prezidenti dəfələrlə deyib ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması müzakirə mövzusu ola bilməz. Bu o deməkdir ki, ermənilər münaqişənin həllində maraqlı deyillər. İndi Rusiya xarici işlər naziri Sergey Lavrovun həm Bakıda, həm də İrəvanda görüşlər keçirməsi, özü də kifayət qədər geniş müzakirələr aparması əlbəttə ki, bir tərəfdən yaxşıdır, yəni Rusiyanın xoş məramının görüntüsüdür, digər tərəfdən isə biz o qədər də ümidli olmalı deyilik.

Mən şəxsən düşünmürəm ki, bu görüşlərin nəticəsi olaraq hansısa hallar baş verəcək. Yəni Azərbaycanın ərazi bütövlüyünün pozulmaması şəraitində münaqişənin həllinə doğru addımlar atılacaq. Faktiki olaraq bu görüş də əvvəlki görüşlər, danışıqlar və müzakirələrin davamıdır. Sadəcə olaraq burada Rusiyanın öz "forpost"una tapşırıq, göstəriş verməsi lazımdır ki, Azərbaycan torpaqlarından çəkilsinlər və münaqişənin həlli ilə bağlı müsbət addımlar atsınlar. Əmin deyiləm ki, Sergey Lavrov Ermənistana belə bir göstəriş, tapşırıq vermiş olsun. Ümumiyyətlə Rusiyanın bu münaqişənin yaxın vaxtlarda həllində maraqlı olduğu şübhəli məsələdir. Çünki Dağlıq Qarabağ münaqişəsi Ermənistanla Azərbaycan arasındakı gərgin münasibətlər Rusiyanın əlinə oynayır. Rusiya yeganə dövlətdir ki, Cənubi Qafqazda hərbi bazaları var və həmin bazalar da Ermənistan ərazisində yerləşir. Məhz buna görə də biz düşünməliyik ki, münaqişə sadəcə olaraq Ermənistandakı rejimin istəyi ilə çözülə bilməyəcək. Ümumiyyətlə, Rusiya bu münaqişəninin çözülməsində yardımçı olmaqla Azərbaycanın özünə qarşı münasibətini köklü şəkildə dəyişə bilər. Biz Rusiya ilə pis münasibətdə deyilik. Amma Rusiya Azərbaycanla münasibətlərini daha yüksək səviyyəyə çatdıra bilər”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə