Politoloq: “Lavrovun bəyanatları yaxşı heç nə vəd etmir” MÜNASİBƏT

“Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfərində əsas məqsəd "Şərq Tərəfdaşlığı" proqramı ilə bağlıdır”. Bunu SİA-ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, rəsmi İrəvan son zamanlar manevrlər edərək Rusiyadan dividentlər almaq istəyirdi: “Amma bu ölkə ilə bağlı son söz məlum məsələdir ki, Moskvaya məxsusdur. Ermənistan növbəti dəfə Rusiyaya öz sadiqsizliyini və etibarsızlığını göstərdi.

O ki qaldı Ermənistanda Dağlıq Qarabağ müzakirələrinə, deyə bilərəm ki, bu daha çox formal xarakter daşıyıb. Bakı bu görüşdən onsuz da heç nə gözləmirdi. Lavrovun Bakıdakı və İrəvandakı bəyanatları da yaxşı heç nə vəd etmir”.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov 20-21 noyabr tarixlərində Ermənistana səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri və prezidenti ilə görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edib.

S.Lavrov İrəvanda Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan və prezident Serj Sərkisyanla görüşüb. Görüşlərdə ikitərəfli əməkdaşlıq, müxtəlif təşkilatlarda və beynəlxalq forumlarda birgə fəaliyyət müzakirə edilib. S. Lavrov görüşlərdə regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini də müzakirə edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə