Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclərlə görüş keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlar, həmçinin kadr seçimi prosesini əhatə edir, bu məqsədlə ədliyyənin müxtəlif sahələrinə işə qəbulla bağlı açıq müsabiqə və müsahibələr keçirilir. Bu zaman dövlət gənclər siyasətinə uyğun olaraq gənclərin işlə təminatına xüsusi diqqət yetirilir. Son illər şəffaf seçimlər əsasında yüksək hazırlıqlı, müasir texnologiyalara bələd və mənəvi cəhətdən saf 2300-ə yaxın gənc qulluğa qəbul olunub.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən bir ildə 640 nəfər ədliyyə orqanlarına işə qəbul edilib. Onların böyük əksəriyyətini gənclər təşkil edir. Həmçinin bu ərəfədə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 500-dən çox namizədlə keçirilmiş növbəti müsabiqəyə yekun vurulub. Uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlim keçəcəklər.

Nazirlik tərəfindən, həmçinin penitensiar və tibb xidmətlərinin hazırlıqlı və mənəvi cəhətdən saf gənclərlə komplektləşdirilməsi məqsədilə qulluğa qəbulla bağlı açıq müsabiqələr keçirilir, namizədlər müsabiqələrdə geniş iştiraka təşviq olunur, o cümlədən "ASAN Kadr" Karyera Mərkəzinin portalında müvafiq elanlar verilir. Eyni zamanda, təhsil müəssisələri ilə səmərəli əlaqələr qurularaq, Rusiya Federasiyası Cəzaların İcrası Federal Xidmətinin Ryazan Hüquq və İdarəçilik Akademiyasında, həmçinin Azərbaycan Tibb Universitetinin hərbi tibb fakültəsində müvafiq olaraq, penitensiar və tibb sahələri üzrə nazirlik üçün xüsusi ixtisaslı gənc kadrlar hazırlanır. Cari ildə aparılmış şəffaf seçimlər nəticəsində 400 nəfər penitensiar xidmətə işə qəbul edilib.

Bu günlərdə penitensiar və tibb xidmətlərinə təyinat alan 50-dən çox gənc əməkdaşla 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü ərəfəsində nazirliyin rəhbərliyinin görüşü keçirilib.

Gənclər əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi anılıb, məzarları önünə tər çiçəklər qoyulub.

Nazirlikdə keçirilmiş tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisinin, sabitliyin və təhlükəsizliyinin təmin olunduğunu vurğulayıb, dövlətimizin gənclərin hərtərəfli inkişafına yüksək qayğısından bəhs edib.

Məhkəmə və ədliyyə, o cümlədən penitensiar sahədə aparılan islahatlardan geniş söhbət açan nazir dövlətimizin başçısının cari il fevralın 10-da imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamı, habelə penitensiar xidmətdə qulluq keçmənin xüsusiyyətləri barədə məlumat verib, gənclərin işlərində məsuliyyətli olmasını, qanunçuluq, insan hüquqları, humanizm prinsiplərinə, nizam-intizama, etik davranış qaydalarına dönmədən əməl olunmasını, korrupsiya və digər neqativ halların yolverilməzliyini vurğulayıb, gənclərə xidməti vəzifələrini layiqincə yerinə yetirmələri barədə tövsiyə və tapşırıqlarını verib, uğurlu fəaliyyət arzulayıb.

Çıxış edən gənclər peşə bayramı ərəfəsində qulluğa qəbul olunmalarından yüksək qürur hissi keçirdiklərini bildirib, müstəqil Azərbaycanımızın hərtərəfli tərəqqisi naminə dövlətimizin başçısının ətrafında sıx birləşərək yorulmaz fəaliyyətində daim layiqli yardımçı olacaqlarını vurğulayıb. Gənclər onlara göstərilən yüksək etimadı doğruldacaqlarına, ədliyyə işçisi adını şərəflə daşıyacaqlarına və daim uca tutacaqlarına söz veriblər.

Daha sonra təyinat almış yeni əməkdaşlar Azərbaycan Respublikasının dövlət bayrağı önündə təntənəli qaydada and içiblər. Aidiyyəti işçilərə xüsusi rütbələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə