Ramiz Alıyev: “YAP-a insanların sevgisi daha böyükdür” MÜNASİBƏT

“Yeni Azərbaycan Partiyası elə bir siyasi və ideoloji gücə malikdir ki, hər bir azərbaycanlı gənci bu şərəfi özündə daşımaq istəyir. Ona görə ki, Ulu Öndərimizin rəhbərliyi ilə qurulan YAP özündə bütün müsbət keyfiyyətləri cəmləşdirir”. Bunu SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, bu gün YAP-a ölkə Prezidenti İlham Əliyevin rəhbərlik etməsi insanların bu partiyaya olan inamını daha da artırır: “Bilirsiniz, Azərbaycan demokratik bir ölkədir və buna görə də ölkəmizdə siyasi partiyaların sayı əllidən çoxdur. Eyni zamanda mövcud olduğumuz regionda da siyasi partiyalar kifayət qədər çoxdur. Ancaq Azərbaycanın hakim partiyası olan YAP-a insanların sevgisi daha böyükdür.

Bunun da bir səbəbi var ki, YAP-a insanların özləri axın edir və partiyanın nizamnaməsi cəmiyyətin bütün kateqoriyasını özündə cəmləşdirir.

Bildiyiniz kimi Azərbaycanda siyasi partiyaya üzv olmaq yaşı 18-dən başlayır. Beləcə ölkəmizin gələcəyi olan gənclərimizin böyük əksəriyyəti yaşının 18 olmasını səbirsizliklə gözləyir ki, YAP-a üzv olmaq üçün müraciət etsin.

Ancaq onu da bildirməliyik ki, partiyaya üzvlərin qəbul edilməsi qaydaları digər partiyalarda olduğu kimi deyil. YAP-a üzv olmaq istəyən insanlar gərək cəmiyyətdə özünü normal aparmaq qabiliyyətinə malik olsun, vətənpərvər, dövləti sevən insanlar olsun. Bu gün partiyanın sıralarında 700 mindən artıq insan cəmləşib. Bu üzvlərin böyük əksəriyyəti ali təhsilli, ölkəmizdə tanınan elm xadimləri, ziyalılar, mədəniyyət xadimləri və sairədir.

Düşünürəm ki, bu 25 illik yubiley Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə