Zahid Oruc: "Bəzi dövlət qurumlarını ləğv etmək zamanıdır"

“Maliyyə naziri Samir Şərifov çıxışı zamanı Beynəlxalq Bank haqqında ağrıdıcı məsələlərə toxunub. Bilirik ki, Eldar Mahmudovun bir sıra əməlləri nəticəsində bu bank bu vəziyyətə gəlib. Bankın hesabatlarında bəzi problemləri görürük. Ancaq hesab edirəm ki, bununla bağlı daha dolğun informasiyalar verilməlidir. Bu gün 2 milyon nəfərin 1.8 milyard problemli krediti var. Ancaq təkcə Beynəlxalq Bankın 2.4 milyard dollar problem öhdəlikləri var. Bu isə o, deməkdir ki, dövlətə vətəndaşlardan çox Beynəlxalq Bank zərər vurub”. SİA-nın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

Deputat səhiyyə sahəsində yaşanan problemlərə də toxunub.

“Hər gün 500 uşaq Milli Onkologiya Mərkəzinə müraciət edir. Bunu mərkəzin baş həkimi hörmətli Cəmil Əliyev müsahibəsində deyib. Bu uşaqların 30 faizinə xərçəng diaqnozu qoyulur. Bu da bir ay üçün 4500 uşaq deməkdir. Büdcədən səhiyyəyə ayrılan xərclər isə dəyişməyib. Mən hər zaman demişəm ki, dövlət gedib hansısa kənddə xəstəxana tikməməlidir. Bunu özəl sektor etməlidir. Ancaq bir məsələ diqqət çəkmək istəyirəm. Professor Cəmil müəllim deyir ki, gündə 500 nəfər uşaqların xərçək xəstəliyi ilə bağlı Milli Onkologiya Mərkəzinə müraciət edir. Ancaq onların hamısı xərçək xəstəsi deyil, yalnız 30 faizi bu xəstəklikdən əziyyət çəkir. 30 faiz 150 nəfər deməkdir. Əgər körpələrin xərçəngə tutulmasının səbəbləri biz böyükləriksə, bunun qarşısı hansısa bir yolla alınmalıdır?”.

Deputat hesab edir ki, baxçaların tikintisini dövlət yox, özəl sektor üzərinə götürməlidir: “Hər il 107 min uşaq dünyaya gəlib. Dövlət nə qədər çalışsa da bu qədər uşaq üçün baxça tikə bilməyəcək. Bunu özəl sektor etməlidir”.

Z.Oruc qeyd edib ki, bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv olundu: “Lakin onun kiçik qəlpələri başqa bir nazirliyə tabe olundu. Amma ötən müddətdə gördük ki, nəqliyyat infrastrukturu çökmədi. Buradan belə bir nəticə çıxır ki, bəzi dövlət qurumlarının, nazirlik, komitələri də ləğv etmə zamanıdır. Bunun nə qədər böyük xeyrini görə bilərik”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə