Bəhruz Quliyev: “Yeni Azərbaycan Partiyasını xalqa Ulu Öndər təqdim edib” TƏBRİK

“İlham Əliyevin həm Lider kimi, həm Prezident kimi xalqa söykənməsi əbədi müstəqilliyimizi təmin edir”

“Yeni Azərbaycan Partiyasının yaranması ölkədə xaos, anarxiyanın tüğyan etdiyi dövrə təsadüf edir. Həmin dövrdə ölkə məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu baxımdan, yeni bir siyasi qüvvənin yaranmasına zərurət yaranmışdı və Respublikanın hər yerindən Ulu Öndərə çoxsaylı müraciətlər daxil olurdu. Beləliklə, xalqın sosial sifarişi ilə 1992-ci il noyabrın 21-də cəmiyyətin bütün təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Ulu Öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Bununla da, ölkəmizin ictimai-siyasi həyatına Yeni Azərbaycan Partiyası adlı qüdrətli bir siyasi təşkilat daxil oldu”.

Bu sözləri SİA-ya “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev hakim partiyanın 25 illik yubileyi münasibəti ilə bağlı fikirlərini bildirərkən deyib: “İstənilən siyasi təşkilat yaradılarkən, həmin təşkilatın lideri xalqa təqdim edilir, amma Yeni Azərbaycan Partiyasını və onun ideoloji prinsiplərini məhz Ulu Öndərimiz xalqa təqdim etdi. Çünki Heydər Əliyevin hər hansı bir təqdimata ehtiyacı yox idi. Onun nəhəng nüfuzunu bütün dünyanın siyasi çevrələri tanıyır və qəbul edirdi”.

“Əbəs yerə deyil ki, partiya təsis olunduqdan sonrakı qısa dövr ərzində, hətta o zamankı naşı hakimiyyətin ciddi maneələrinə, təqiblərinə baxmayaraq, şəhər və rayon təşkilatlarını yaratdı”, - deyə qeyd edən Bəhruz Quliyev onu da vurğulayıb ki, təməli xalqın iradəsi və tükənməz dəstəyi ilə qoyulan YAP bu gün də həmin vəhdət əsasında fəaliyyətini davam etdirməkdə, yeni-yeni uğur və qələbələr əldə etməkdədir: “Ona görə də Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyev demək olar ki, partiyamızın fəaliyyəti ilə bağlı çıxışlarının hər birində vurğulayırdı ki, Yeni Azərbaycan Partiyasına xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir. Bu baxımdan, həmin fikrin davamı olaraq Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev bildirir ki, Yeni Azərbaycan Partiyasının üzvü olmaq böyük məsuliyyətdir. Bu gün partiyanın 700 mindən artıq üzvləri ölkənin inkişafına, tərəqqisinə öz töhfəsini verir. Onlar ölkənin ictimai-siyasi həyatında fəal iştirakları ilə həyata keçirilən siyasətə dəstək olduqlarını öz əməli fəaliyyətləri ilə nümayiş etdirirlər. Cəmiyyətin bütün sferalarında özünü ən yüksək səviyyədə təsdiq edən partiyamız məhz onun ideoloji prinsiplərindən doğan fəaliyyətləri nəticəsində ümumxalq partiyasına çevrilib. Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik yol xalqın ona olan rəğbətinin bariz təzahürüdür. Çünki partiyamızın Sədri cənab İlham Əliyevin siyasi fəaliyyəti bilavasitə Ulu Öndərimiz tərəfindən əsası qoyulmuş əbədi prinsiplərə söykənir. Bu gün cənab İlham Əliyevin həm Lider kimi, həm Prezident kimi xalqa söykənməsi əbədi müstəqilliyimizi təmin edir”.

Bəhruz Quliyev sonda 25 illik yubileylə bağlı siyasi əqidədaşlarına öz ürək sözlərini də çatdırıb: “Mən də Yeni Azərbaycan Partiyasının hər bir üzvünü təşkilatımızın 25-ci ildönümü münasibəti ilə ürəkdən təbrik edir, dövlətimizin, xalqımızın inkişaf və tərəqqisi yolunda yorulmadan, əzmlə çalışmalarını arzulayıram”.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə