Dini maarifləndirmə tədbirləri davam etdirilir

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) arasında imzalanmış birgə tədbirlər planı çərçivəsində məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi və dini etiqad azadlığının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

SİA-nın verdiyi məlumata görə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin məhkumlarla növbəti görüşü 7, 11 saylı cəzaçəkmə müəssisələrində və Şəki Penitensiar Müəssisəsində təşkil olunub.

Cəza çəkənlər qarşısında çıxış edən komitə nümayəndələri müstəqillik illərində cəmiyyətin dini həyatında ciddi müsbət dəyişikliklərin baş verdiyini, dini etiqad azadlığı üçün geniş imkanlar yaradıldığını, dövlətimizin sözün həqiqi mənasında vicdan azadlığının təminatçısına çevrildiyini bildiriblər.

Maarifləndirici xarakter daşıyan tədbirlərdə xurafatla və dini radikalizmlə mübarizə, eləcə də vətənpərvərlik və İslamda vətənə olan sevgi mövzusu müzakirə edilmiş, dini ekstremizmə qarşı barışmaz mövqe nümayiş etdirilməsinin zəruriliyi, Azərbaycanın tolerantlıq modelinin dünya üçün nümunə olduğu, dini konfessiya nümayəndələrinə qarşılıqlı hörmət və anlayışlı inanc aşılandığı xüsusi kontingentin diqqətinə çatdırılmış və mövzu ilə bağlı məhkumların çoxsaylı sualları cavablandırılıb.

Dini qurumlarla iş üzrə Dövlət komitəsinin sifarişi ilə çəkilmiş, dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaq məqsədi daşıyan “Şəhadət” adlı sənədli film məhkumlara nümayiş etdirilib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə