Bahar Muradova: "Belə bir məqamda danışıqlar mütləq intensivləşməlidir" SƏS TV

"Son zamanlar Dağlıq Qarabağ münaqişəsi ətrafında artan intensiv fəallaşmanı müsbət dəyərləndirirəm. Çünki müəyyən səbəblərdən bir müddət danışıqlar səngimişdi. Perspektivlərə heç bir inam qalmamışdı". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimai-siyasi vəziyyət çox mütəhərrikdir və bir-birinin ardınca dünyanı sirkələyən hadisələr baş verir: "Belə bir məqamda Dağlıq Qarabağ məsələsi ətrafındakı danışıqlar mütləq intensivləşməlidir və dəyişən mühit nəzərə alınmalıdır. Beynəlxalq aləmdə meydana gələn yeni ocaqlar gələcək münaqişələr vəd edir, bu hadisələrə beynəlxalq aləmin özünün münasibəti və bu günə qədər Dağlıq Qarabağ məsələsinə olan fərqli mövqeyi Azərbaycan tərəfinin bu məsələdə daha ciddi şəkildə tələblər ortaya qoymağa və vasitəçilik missiyasını həyata keçirən ölkələrdən daha dinamik, şəraitə uyğun addımlar atmağa vadar edən tələblər qoymaqda haqlıdır. Hesab edirəm ki, danışıqların məzmununa bu vəziyyət təsir göstərməlidir".

Rusiyanın XİN başçısı Lavrovun səfərinə gəlincə, vitse-spiker bildirib ki, bu səfərdən asılı olaraq gələcək yüksək səviyyəli görüşlər məqsədəuyğundur: "Azərbaycan hər zaman olduğu kimi yenə də substantiv danışıqlara maraqlıdır. Nəticələrə əsaslanmış danışıqların keçirilməsini vacib hesab edirik. Azərbaycanın bu mövqeyi vasitəçilər tərəfindən nəzərə alınmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə