Qriqoriy Trofimçuk: "Rusiya Qarabağ münaqişəsinin həllini öz nəzarətində saxlayır" MÖVQE

"Mən Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana və Bakıya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar hər hansı təklif və təşəbbüslə gedəcəyinə inanmıram. Fikrimcə, Lavrovun səfərinin əsas məqsədi ölkələr arasında diplomatik fəaliyyətin 25 illik yubileyini qeyd etməkdir”. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu rusiyalı ekspert Qriqoriy Trofimçuk deyib.

Onun sözlərinə görə, səfər zamanı münaqişə ilə bağlı vəziyyəti dəyişdirəcək heç bir layihə ortaya qoyulmayacaq: “Əks halda, bununla bağlı çoxdan elan verilərdi. Artıq ötən ilin aprel hadisələrindən xeyli vaxt keçib. Hər hansı təşəbbüs olsaydı indiyədək ortaya qoyulmalı idi”.

Ekspertin fikrincə, Rusiya münaqişə ilə bağlı məsələni 2014-cü və ya 2016-cı ilin aprel döyüşlərinə qədər razılaşdıra bilərdi: "Lakin hazırda vəziyyət tamamilə dəyişib".

“Lavrov planı” ilə bağlı fikirlərini açıqlayan Trofimçuk söyləyib ki, biz ekspertlər belə bir ifadənin olduğunu bilirik: “Lakin bu ifadələrdə qorxulu heç nə yoxdur və onlar hər hansı hərəkətə gətirib çıxarmaz. Belə ifadələrin arxasında heç nə dayanmır. Bu cür ifadələrin səslənməsində Rusiya maraqlıdır. Çünki, müzakirələr aparılmayanda o zaman Moskvanın Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar heç bir təklif vermədiyi təəssüratı yaranır. Bu haqda yalnız KİV yazır və mətbuat rəsmi orqan sayılmır. Təkrar edirəm, əslində bütün bunlar baş versə, regionda hər şey dəyişəcək. Rusiya Qarabağ münaqişəsinin həllini öz nəzarətində saxlayır, problemin açarı Kremldədir. Elə “Lavrov planı”nın olması da bundan yaranıb. Lakin Moskva münaqişənin həllinə böyük təsir göstərmir. Bu baxımdan əgər insanlar “Lavrov planı” haqqında danışırlarsa, qoy danışsınlar”.

Qeyd edək ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov 19-20 noyabr tarixlərində Azərbaycanda rəsmi səfərdə olacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə