Suraxanıda YAP-ın 25 illik yubileyi münasibəti ilə tədbir keçirilib - FOTOLAR

Bu gün Suraxanı rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının (YAP) 25 illik yubileyi münasibəti ilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, partiyanın Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev və digər rəsmilər iştirak ediblər.

Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

İcra Hakimiyyətinin zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

"SƏS" Media Qrupun hazırladığı YAP-ın yaradılması və ölkəmizin inkişafındakı xidmətləri ilə bağlı videoçarx nümayiş olunduqdan sonra Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov məruzə ilə çıxış edib. O, YAP-ın yaradılmasının Azərbaycanın ictimai-siyasi həyatında böyük hadisə olduğunu vurğulayıb.

Rayon təşkilatının sədri Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyi və inkifafı uğrunda gördüyü işlərdən, dövlət başçımız İlham Əliyevin Onun siyasi kursunu uğurla davam etdirməsindən söz açıb. O, Azərbaycanın bu gün bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

V.Seyidov YAP-ın 25 illik yubileyi münasibətilə bütün xalqımızı təbrik edib.

YAP-ın Təsis Konfransının üzvü, partiya veteranı Sabir Allahverdiyev xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

YAP-ın Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə partiyanın ölkəmizin ictimai-siyasi həyatındakı xidmətləri haqda ətraflı məlumat verib. O, YAP-ın yaradılmasının və fəaliyyətinin Azərbaycanın müstəqil dövlət kimi inkişafında əvəzolunmaz rolu olduğunu vurğulayıb. V.Rəhimzadə ölkəmizdə YAP-ın yaradılmasından öncəki və Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonrakı vəziyyət haqda danışıb: "Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi sabitlik yaratdı, atəşkəsin imzalanmasını təmin etdi, iqtisadi inkişafın təməlini qoydu və ölkəmizin müstəqil dövlət kimi dünyada qəbul edilməsinə nail oldu. Bu gün cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin apardığı siyasi kursu uğurla davam etdirir və Azərbaycanın inkişafı üçün böyük işlərə imza atır. Dövlət başçımız İlham Əliyevin sədri olduğu partiyada təmsil olunmaq qürurvericidir".

Daha sonra YAP Suraxanı rayon təşkilatının fəal gənci Azad Abıyev çıxış edərək YAP-ın gənclər siyasəti haqqında məlumat verib.

"SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev isə YAP-ın Milli Dirçəliş Günü ərəfəsində yaradıldığını vurğulayıb: "O dövrdə xalq oyanmışdı, meydan hərəkatı başlamışdı, ancaq lider yox idi. Xalqa lider lazım idi. Xalq Ulu Öndər Heydər Əliyevə müraciət etdi. 91 ziyalının "SƏS" qəzeti vasitəsi ilə Ulu Öndərə etdiyi müraciətə Heydər Əliyev də "SƏS" qəzeti vasitəsilə cavab verərkən tarixi bir sənədə imza atdı. O, cavabında ölkənin düşdüyü vəziyyətdən çıxış yollarını göstərdi. Bu cavab bir konsepsiya oldu. Ulu Öndər Heydər Əliyev və xalq sevgisi birləşdi və müstəqillliyimizin əbədiliyinin təməli qoyuldu. Ulu Öndər həm xalqın lideri, həm də dövlətin başçısı idi. Bu xüsusiyyətlər hazırda cənab Prezident İlham Əliyevdə özünü göstərir. Dövlət başçımız Azərbaycanı regionun lider dövlətinə çevirib. Ölkəmiz bu gün dünyada güclü və qüdrətli dövlət kimi qəbul edilir və söz sahibidir. Bu uğurlarda YAP-ın rolu əvəzsizdir. Bu gün gənclər öz liderinin ətrafında sıx birləşib. Partiyamızın uğurları onun kökündə dövlətçilik və xalqa xidmətin dayanmasından irəli gəlir. Bütün xalqımızı partiyamızın 25 illik yubileyi münasibəti ilə təbrik edirəm. Yaşasın Yeni Azərbaycan Partiyası!".

Sonda Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək YAP-ın yadılmasının Azərbaycanın tarixində çox önəmli hadisə olduğunu, məhz partiyanın təsis olunmasından sonra ölkəmizin ağır vəziyyətlərdən çıxdığını söyləyib.

O, Azərbaycanın inkişafı, dövlət başçımızın bu istiqamətdə apardığı uğurlu siyasətdən söz açıb.

İ.Abbasov Suraxanı rayonunda görülən işlər haqqında məlumat verib.

İcra hakimiyyətinin başçısı YAP-ın 25 illik yubileyi münasibəti ilə xalqımızı təbrik edib.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə