Sorğulara səhv və ya gec cavab verənlər cərimələnəcək

Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki və hüquqi şəxslər cəzalandırılacaqlar. SİA-nın xəbərinə görə. bu barədə bu gün Milli Məclisin plenar iclasında məlumat verilib.

Bildirilib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinə 461.1-1-ci maddə əlavə edilir. Əlavəyə əsasən, vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olmuş məlumat mübadiləsi üzrə sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim olunmasına görə fiziki şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə ediləcəklər.

Bundan başqa, "Sığorta fəaliyyəti haqqında", “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında” qanunlara təklif edilən dəyişikliklərə görə, Həyatın yığım sığortası və annuitet sığortası üzrə fəaliyyət göstərən sığortaçı, Mərkəzi depozitar, investisiya şirkətləri, Milli poçt operatoru, investisiya fondları, banklar, bank olmayan kredit təşkilatları da beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatları Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim etməlidir.

Layihələr səsə qoyularaq I oxunuşda qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə