“Milli Dirçəliş günü müstəqilliyə gedən bir mərhələ idi” AÇIQLAMA

“Milli Dirçəliş xalqın millətin ruhunun dirçəlməsi, oyanması deməkdir. Hansı ki Azərbaycan xalqı 1990-ci illərin əvvəlində bunu edə bildi”. Bunu SİA-ya Milli Məclisin deputatı, tarixçi Fəzail İbrahimli 17 noyabr - Milli Dirçəliş gününün Azərbaycan tarixindəki önəmindən söz açarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Milli Dirçəliş yolu ilə gedə-gedə yüzlərlə şəhid versə də onların ruhuna xəyanət edilmədi: “ Azərbaycan müstəqillik əldə etmək üçün çoxlu şəhid verdi. Lakin bu gün həmin şəhidlərin ruhu rahatdı. Çünki onlara xəyanət olmadı. Azərbaycan keşməkeşli yollardan üzü ağ çıxaraq bugünkü müasir Azərbaycana çevrildi”.

Azərbaycanın 1920-ci ilin aprel ayından Sovet Rusiyası tərəfindən işğal edildiyini xatırladan deputat söyləyib ki, 70 il imperiya əsarəti altında yaşayan Azərbaycan üçün bu hadisələr yeni proses, yeni həyat idi: “Azərbaycanda onun tarixinə, mədəniyyətinə tamamilə yad olan yeni bir cəmiyyət, siyasət quruldu. Lakin bütün bunlara baxmayaraq, ölkəmiz inkişaf etdi, ali məktəblər yarandı, dünya səviyyəli alimlər yetişdi. Azərbaycan 70 illik tarixi qara səhifə kimi deyil, siyasi müstəqilliyi əlindən alınan bir millətin tarixi kimi yaşadı. Mədəniyyət, iqtisadiyyat, təhsil və digər sahələrdə bizim böyük uğurlarımız oldu”.

F. İbrahimli qeyd edib ki, Azərbaycan 70 il imperiya tərkibində olsa da, xalqımızın milli ruhu qırılmadı: “O dövrdə fəaliyyət göstərən ayrı-ayrı qələm sahibləri milli ruhun daşıyıcılarını 70-80 illərə qədər gətirib çıxara bildilər. İşğal dövründə sındırılan həmin milli ruh yenidən dirçələrək xalq nəhayət milli azadlıq, imperiyaya qarşı mübarizəyə başladı. Azərbaycan torpaqlarının azadlığı uğrunda bir topxana meşəsində kəsilən ağaca qarşı üsyan qalxdı. Milyonlarla insanlar meydana çıxdı və özünün etirazını bildirdi. Bu müstəqilliyə gedən bir mərhələ idi. “Son illərə qədər düşünürdüm ki, o dövrdən uzun müddət keçib. İnsanlar, əqidələr dəyişib. Görəsən milli birlik yenidən özünü təzahür edə bilərmi? Aprel hadisələri zamanı milli ruh bir az da sivil, nizam-intizam formasında vahid fikir, düşüncə ətrafında birləşdi. Bununla da həm ruhu, həm mənəvi, həm də hərbi cəhətdən qələbəmiz təmin edildi. Milli Dirçəliş elə bu demək idi”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə