Milli Məclisin komitə iclasında bir sıra qanun layihələri müzakirə olunur

2018-ci ildə əmək pensiyaçılarının sayının 1 milyon 315 min nəfər təşkil edəcəyi gözlənilir

Bu gün Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclası keçirilir. SİA-nın məlumatına görə, komitə sədri Hadı Rəcəbli gündəlikdəki məsələlər barədə məlumat verib.

İclasda “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında” qanun layihələri müzakirə olunur.

İclasda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə aparılan iqtisadi islahatlar qısa müddətdə müsbət nəticələrini verib. Nazir deyib: “Dünya Bankı mütəxəssislərinin hesablamalarına görə, ölkədə sosial müdafiə sistemi əhalinin 91 faizinə xidmət edir. Bu da ölkədə yoxsulluğun azaldılmasına səbəb olur”.

Əhalinin nominal gəlirlərinin 8 faiz artdığını qeyd edən Səlim Müslümov bildirib ki, adambaşına düşən gəlirlər 6,9 faiz olub. “Bu gün ölkəmizdə inflyasiya 13,9 faizdir. Doğulanların sayı 156 min nəfərdir. Gələn ilin proqnozlarına əsasən qadınların yaş həddinin 78, kişilərin isə yaş həddinin 73 olacağı gözlənilir. Bir işçinin hesablanmış orta əməkhaqqı 550 manata çatacaq. 2018-ci ildə əmək pensiyaçılarının sayının 1 milyon 315 min nəfər təşkil edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə