Elmar Məmmədyarov Sinay vilayətinin qubernatoru ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Cənubi Sinay vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, görüşdə Azərbaycan ilə Misir arasında tarixi əlaqələrə toxunan nazir Elmar Məmmədyarov ölkələrimiz arasında mədəni və dini bağlılığın münasibətlərin genişləndirilməsinə müsbət təsir göstərdiyini və əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Azərbaycana xüsusi rəğbəti olduğunu bildirən Xalid Fudə Məhəmməd deyib ki, iki ölkə arasında birbaşa uçuşların bərpa edilməsi qarşılıqlı əməkdaşlığı gücləndirəcək və turizmin inkişafına təkan verəcək.

Görüşdə ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın hazırkı vəziyyətinə nəzər salınıb, bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Keçən il Misirə rəsmi səfərini və keçirdiyi görüşləri xatırladan Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığa töhfə verdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə