Ərdoğan-Putin görüşünün TƏFƏRRÜATLARI

Rusiya dövlət başçısı Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən 4 saatlıq görüşün təfərrüatları açıqlanıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə aparılan danışıqlar haqqında ictimaiyyətə məlumat verən Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, Putin və Ərdoğan görüşündə ikitərəfli münasibətlərə bir daha nəzər yetirilib, Suriya ilə bağlı geniş müzakirə aparıblar.

O qeyd edib ki, prezidentlər "Akkuyu" nüvə stansiyası layihəsi, kənd təsərrüfatı məhsulları və ticari-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Rusiya lideri danışıqlar zamanı Türkiyədən bir sıra məhsulların idxalını bərpa etmək qərarını da açıqlayıb. Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsində Rusiya ilə birgə səylərə böyük əhəmiyyət verdiyini vurğulayıb. Daha sonra hər iki lider Suriya münaqişəsinin həllinə də toxunublar. Putin son dövrlər Suriyada şiddət səviyyəsində azalmanın müşahidə olunduğunu açıqlayıb.

"Suriyada şiddət səviyyəsi nəzərə çarpacaq qədər azalıb. BMT-nin himayəsi altında Suriyadakı dialoqun təşviqi üçün əlverişli şərait yaradılıb"- deyə, Putin əlavə edib.

Ərdoğan, bölgədə sülhün siyasi nəticələrin əldə olunmasında böyük əhəmiyyət kəsb etdiyini dilə gətirib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə